XƏBƏRLƏR

Dillər Universitetində “Qadınlar hər yerdə sülh istəyir” adlı tədbir keçirilib

07 mart, 2018

Martın 7-də Azərbaycan Dillər Universitetinin (ADU)  Tələbə Elmi Cəmiyyətinin və Filologiya və jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan “Qadınlar hər yerdə sülh istəyir” adlı tədbir keçirilib.

TEC-in sədri Lamiə Muğalova Beynəlxalq Qadınlar gününün yaranma tarixi haqqında məlumat verib. O, Azərbaycan qadınının tarix boyu mərd olduğunu, ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdiyini bildirib.

Tədbirə qonaq qismində qatılan şair Qismət Rüstəmov müəllifi olduğu “Mətbəxtlik” şeirini söyləyib. O, qadın hüquqlarının müdafiəsi istiqamətində aparılan tədbirləri yüksək qiymətləndirdiyini deyib.

Filologiya və jurnalistika fakültəsinin dekanı dosent Vüsalə Ağabəyli məişət zorakılığı, gender bərabərsizliyi, qadınların ictimai-siyasi sferalarda az yer tutması kimi məqamlara toxunub. O, qadınların dövlət orqanlarında fəal iştirakının təmin edilməsi, cəmiyyətdə kişilərlə bərabər hüquqa malik olmasının təqdirəlayiq hal olduğunu vurğulayıb.

Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov qadınların cəmiyyətdəki rolunun əhəmiyyətini vurğulayıb və zərif cinsin nümayəndələrinin milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, təbliğində mühüm addımlar atdıqlarını deyib.

Tədbir müzikirələrlə sona çatıb.