XƏBƏRLƏR

ADU-da “20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi” mövzusunda dəyirmi masa keçirilib

18 yanvar, 2018
Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi” mövzusunda dəyirmi masa keçirilib. Öncə 20 Yanvar şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov tədbirin 28 il öncə baş vermiş və tariximizdə mühüm əhəmiyyət kəsb edən bir hadisəyə həsr olunduğunu qeyd edib. O, bildirib ki, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığına, azərbaycançılıq məfkurəsinin bir ideologiya kimi formalaşmasına yönəlmiş ən ciddi aksiya və Azərbaycan xalqının öz müstəqilliyinə qovuşmaq cəhdi idi. Bu yolda öz canından keçən çox sayda vətəndaşlarımız olub və bu gün onların missiyasını sərhəddə düşmənlə üzbəüz dayanan əsgərlərimiz davam etdirir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə ADU-da xalqımızın tarixi ilə bağlı silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O, qeyd edib ki, xalqımızın taleyini onun özündən başqa heç kəs həll etməyəcək, tarixini gələcək nəsillərə kimsə ötürməyəcək. Buna görə də cəmiyyətin lokomotivinə çevrilmək, onu maarifləndirmək və vaxtaşırı lazımi mesajlar göndərmək vacibdir ki, bundan sonra bu tip hadisələrin qarşısını almaq mümkün olsun. Deputat qanlı faciə haqqında danışarkən vurğulayıb ki, 20 Yanvar hadisəsi erməni millətçiləri tərəfindən ərazi iddiasına məruz qalan lidersiz bir xalqın azadlıq mübarizəsinin zirvəsi idi. 20 Yanvar faciəsini dövlət səviyyəsində cinayət kimi xarakterizə edən deputatın sözlərinə görə, öz vətəndaşının təhlükəsizliyini təmin etmək əvəzinə SSRİ ona qarşı qanlı cinayət törədib. 20 Yanvar hadisəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini diqqətə çatdıran A.Mirzəzadə bu addımı atmaq üçün lazım olan fiziki və siyasi cəsarətin ulu öndərdə öz əksini tapdığını söyləyib. Deputat qanlı hadisəni tariximizin qəhrəmanlıq səhifəsi adlandırıb və onun hər zaman xatırlanmasının zəruriliyini diqqətə çatdırıb. Universitetin Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov və Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva 20 Yanvar hadisəsinin xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildiriblər və onu azadlıq hərəkatının ən yüksək zirvəsi kimi qiymətləndiriblər. Sonda çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla 20 Yanvar faciəsinin hər zaman xatırlandığını, onun mahiyyətinin daim xalqımızın qəlbində yaşadığını bildirib və hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin pik nöqtəsi kimi qiymətləndirib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hadisəyə ilk dəfə siyasi qiymət verməsi onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir: “Ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın daimi nümayəndəliyinin binasına gedərək  orada Kommunist Partiyası qarşısında öz sözünü deyib. Bu,  o zaman heç bir vəzifəyə sahib olmayan, adi vətəndaş statusuna malik olan bir insanın qəhrəmancasına atdığı bir addım idi. O, bütün  Sovet İttifaqı Kommunist Partiyasına meydan oxudu, rejimə qarşı çıxdı və dünyaya  göstərdi ki, Azərbaycan xalqının iradəsini 20 Yanvar qırğını əzə bilmədi. Bu iradənin təmsilçisi və onu dünyaya çatdıran qüvvə var. Bu qüvvə məhz Heydər Əliyev olub. Bu gün də onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevdir”. Universitetdə 20 Yanvarla bağlı silsilə tədbirlərin keçiriləcəyini vurğulayan rektor dekan və kaferda müdirlərinə 20 Yanvar olayının izi və ruhunun duyulmasını, tədbirdə səslənən fikirlərin auditoriyalara da çatdırılmasını tövsiyə edib. “20 Yanvar müstəqilliyimiz qarşısında olan səddin aşılma məqamı idi”-deyən K.Abdulla ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin də həmin gecə şəhidlik zirvəsinə ucaldığını sözlərinə əlavə edib. Akademik Ülvi kimi digər şəhid olmuş insanların da Azərbaycan xalqının mübarizlik ruhunu qoruyaraq dünyaya bəyan etdiklərini vurğulayıb. O, bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyib.