XƏBƏRLƏR

ADU-da mediatur təşkil olunub

17 yanvar, 2018
Yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Media nümayəndələri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev KİV təmsilçilərinə imtahan prosesi barədə məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Mediaturdan sonra KİV nümayəndələri ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla ilə görüşüblər. Rektor qonaqlara mediaturda iştirak etdiklərinə görə təşəkkürünü bildirib, müasir medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib. Rektor daha sonra universitetin tədris prosesi və beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media mənsubları ilə universitet arasında əməkdaşlığın mahiyyətindən söz açaraq bu əlaqələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb. Öz növbəsində KİV təmsilçiləri prosesin təşkili və gedişatından razılıqlarını ifadə ediblər. Bildirilib ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilib. Qeyd edək ki, imtahan sessiyası əyani şöbədə 5 fevral 2018-ci ilədək, qiyabi şöbədə isə 8 fevral 2018-ci ilədək davam edəcək.  İmtahan sessiyası mövcud normativ sənədlərə uyğun təşkil olunub. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakı təmin edilib. Əlavə edək ki, ADU-da 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir. Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.