ADU-da “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” adlı dəyirmi masa keçirilib

Tədbirdə ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin II kurs tələbəsi Kəmalə Həsənova “Nur kimi bütün olan Azərbaycan xalqı”, Güllü Səfərova “Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” və digər tələbələr 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunan təqdimatlarla çıxış ediblər. Tələbələr Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının birliyini və həmrəyliyini möhkəmləndirmək məqsədi ilə 9-10 noyabr 2001-ci il tarixində Bakıda keçirilən I qurultay, bu qurultayın müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasında əhəmiyyətli rolundan bəhs ediblər.
Daha sonra ADU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov tədbirin təşkil olunmasına görə TEC rəhbərliyinə, təqdimat edən tələbələrə təşəkkürünü bildirib: “Heydər Əliyev Azərbaycanda həmrəylik ideyasına təkcə “Bütün ölkələrin azərbaycanlıları birləşin” çağırışı kimi yanaşmırdı, eyni zamanda dünya azərbaycanlılarının həmrəylik prinsipinə azərbaycançılıq ideyasının təməl daşı kimi və Azərbaycan dövlətinin möhkəmliyini təmin edə biləcək bir amil kimi yanaşırdı. Dünya azərbaycanlılarının həmrəyliyi deyəndə biz yalnız etnik yanaşmadan çıxış etmirik, bu, dövlətçilik yanaşmasıdır”.
Sonda Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov dəyirmi masanın keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və tələbələrin çıxışlarının may ayında Ulu öndər Heydər Əliyevə həsr olunan konfransa elmi məruzə kimi təqdim olunmasını təklif edib.











