XƏBƏRLƏR

ADU-da "Bizim kimi ol" tədbiri keçirilib

27 dekabr, 2017

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin III kurs tələbələri ilə Linqvokulturologiya kafedrasının Tanıtım layihəsi çərçivəsində birgə təşkil etdikləri “Bizim kimi ol” tədbiri keçirilib.

Əsas prinsipi ADU-nu məktəblilərə təqdim etməkdən ibarət olan Tanıtım layihəsinin təqdimatına Nərimanov rayon 39 saylı tam orta məktəbin müəllim və şagirdləri də qatılıb və ADU-nu bitirən, lakin müxtəlif peşə sahibləri olan dəvətli qonaqlar çalışdıqları sahədə xarici dildən necə yararlandıqları barədə onları məlumatlandıraraq tövsiyələrini veriblər.

Eyni zamanda, Azərbaycanın hüdudlarından kənarda yaşayan ADU məzunları aldıqları təhsilin nəticəsi olaraq müxtəlif ölkələrdə millətimizi və dövlətimizi xarici dilə əsaslanaraq təmsil etmələri haqda tədbir iştirakçılarına təcrübələrini bölüşüblər.

Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti, Milli Konservatoriyanın ingilis dili müəllimi Lalə Məmmədova “Məktəb illəri” mahnısını  ifa edib. Eyni zamanda tələbələr ADU-da fəaliyyət göstərən müxtəlif ölkələrin mərkəzlərinin milli geyimlərini nümayiş etdiriblər. Tədbir Təhsil fakültəsinin dekanı, professor, filologiya elmləri doktoru Fikrət Cahangirov və Linqvokulturologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyevanın çıxışları ilə sona çatıb.