XƏBƏRLƏR

ADU-da "Young Artist" dərnəyinin təqdimatı keçirilib

26 dekabr, 2017

Dekabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbələrinə Young Artist dərnəyinin təqdimat mərasimi keçirilib. İngilis dilində şeirlər, əsərlər, eyni zamanda kiçik hekayələr tərcümə edən yaradıcı tələbələrdən təşkil olunan dərnəyin təqdimat mərasimində tələbələr tərcümə etdikləri əsərlərdən parçalar, şeirlər səsləndirməklə yanaşı, multikultural Amerika ədəbiyyatının görkəmli nümayəndələri Langston Hughes, Maya Angelou, Silko, Ralph Ellison, Sandra Cisneros və digərləri haqqında məlumat veriblər.

Tədbirin sonunda çıxış edən Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı, filologiya elmləri üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova tələbələri dərnəyə qoşulmağa dəvət edib. Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova isə dərnəyin təqdimat mərasiminin təşkil olunmasının ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə baş tutduğunu vurğulayıb. O, gələcəkdə dərnəyin yalnız universitet deyil, respublika üzrə əhəmiyyətli bir qurum olacağına ümid etdiyini qeyd edib.