ADU-nun rektoru Kamal Abdulla Yunanıstan səfiri ilə görüşüb
Universitetdə yunan mifologiyasından seçilmiş səhnəciklər nümayiş olunub
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolas D.Kanellos ilə görüşüb.
K.Abdulla səfirə universitetdə keçirilən tədbirdə iştirak etməyə razılıq verdiyi üçün təşəkkür edib. O, bildirib ki, universitetin professor-müəllim heyəti və tələbələrinin yunan ədəbiyyatı, tarixi, mədəniyyəti və dilinə böyük həvəsi var: “İstərdik ki, yaxın gələcəkdə arzularımızı tədris mühitində reallaşdıraq. Artıq yunan dili və ədəbiyyatının tədris proqramına daxil edilməsini nəzərdə tutmuşuq. Yaxın gələcəkdə universitetdə yunanşünas tələbələrimiz də olacaq”. ADU-da müxtəlif dillərin tədris olunduğunu deyən rektor bildirib ki, universitet Balkanistika istiqamətində də fəaliyyət göstərməyə çalışır: “Güman edirəm ki, yaxın gələcəkdə universitetimizə gələndə yunan dili və mədəniyyətini öyrənən tələbələrimizlə də görüşəcəksiniz və bu cür tamaşalar yunan dilində olacaq”. K.Abdulla ümid etdiyini bildirib ki, səfirin köməyi ilə Yunanıstandan müəllimlər ADU-ya dəvət olunacaq və burada, nəinki yunan, eyni zamanda qədim yunan dilinin öyrənilməsinin əsası qoyulacaq.
K.Abdulla səfiri öz rəsm əsərlərinin ADU-da sərgisini keçirməyə dəvət edib: “Mən inanıram ki, universitetin tələbə və müəllimləri sizin əsərlərinizə sevə-sevə baxacaqlar”.
Öz növbəsində səfir dəvətə görə təşəkkürünü bildirib və universitetdə keçirilən tədbiri böyük addım kimi xarakterizə edib. O, bildirib ki, Yunanıstan və Azərbaycan arasında əlaqələr tarixi köklərə malikdir: “Buna görə də yunan dilinin öyrənilməsi qərarı iki ölkə arasındakı əlaqələrin inkişafına böyük təkandır. Mən belə başa düşürəm ki, bu, sizin yunan mədəniyyəti, ədəbiyyatı və tarixinə böyük marağınızdan irəli gəlir. Bu istiqamətdə sizə əlimdən gələn köməyi etməyə hazıram”.
Görüşdən sonra ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Xarici dillər kafedrasının baş müəllimi Vəfa Tahirovanın təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində təhsil alan 11 nəfər tələbənin iştirak etdiyi, yunan mifologiyasından seçilmiş səhnəciklər nümayiş olunub. Səhnəciklər Afrodita, Zevs, Promotey, Afina, Hera, Aresin dilindən 6 monoloq, həmçinin “Araxne və Afina” və “Pandoranın qutusu” adlanan 2 tamaşadan ibarət olub.