XƏBƏRLƏR

ADU-da “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda birgə mühazirə keçirilib

21 dekabr, 2017
Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda birgə mühazirə keçirilib. Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov və Azərbaycan dilçiliyi kafedrasının müəllimi Ofelya Babayeva tərəfindən keçirilən mühazirədə mövzu ilə bağlı tələbələrə ətraflı məlumat verilib. E.İbrahimov birgə mühazirənin mahiyyəti haqqında ümumi məlumat verib. O, bildirib ki, Auditoriya+ layihəsi çərçivəsində keçirilən birgə mühazirələrin əsas məqsədi tədris olunan dərsi  tələbələrə fərqli formada çatdırmaqdır. E.İbrahimov bu tip mühazirələrin tələbələrin biliklərinin daha da təkmilləşməsinə öz töhfəsini verəcəyinə inandığını qeyd edib. O.Babayeva Azərbaycan dili və nitq mədəniyyəti fənninin məqsəd və vəzifələrindən söz açıb, bu fənnin tələbələrin nitq mədəniyyəti səviyyəsinin yüksəlməsində mühüm rol oynadığını qeyd edib. Nitq mədəniyyətinin bir çox sahənin inkişafında rolundan danışan O.Babayeva tələbələrə gözəl nitqə malik olmaq üçün bədii ədəbiyyata müraciət etməyi tövsiyə edib. Daha sonra Təhsil fakültəsinin 403a və 403b qrupunun tələbələri “Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinə verdiyi töhfələr”, “Muğam-Azərbaycan musiqisinin tacı”, “Dahi Azərbaycan şairi Nizami Gəncəvi”, “Dünyaya səs salan alimlərimiz”, “Qəhrəman Azərbaycan oğulları” mövzularında məruzə ilə çıxış ediblər.