XƏBƏRLƏR

ADU-da “Yaponiyada Azərbaycan haqqında kitab çapı” mövzusunda dəyirmi masa keçirilib

21 dekabr, 2017
Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Yaponiya Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Yaponiyada Azərbaycan haqqında kitab çapı” mövzusunda dəyirmi masa keçirilib. Mərkəzin müdiri Yaşar İbrahimov çıxış edərək Yaponiyada Azərbaycan haqqında kitab çap olunacağını bildirib və əlavə edib ki, kitabın yaradıcı heyəti tələbələrin kitabda hansı mövzuların yer alması ilə bağlı təkliflərini dinləyəcək. Daha sonra o, “a&vein” şirkətinin prezidenti Taniquci Hirokazu və Hokkaydo Universitetinin doktorantura şöbəsinin tədqiqatçısı Əlibəy Məmmədovu iştirakçılara təqdim edib. Yaradıcı heyət kitabın yazılmasında əsas məqsədin Yaponiyada Azərbaycanı daha da tanıtmaq, yaponları ölkəmizə cəlb etmək olduğunu bildirib. Qeyd olunub ki, Yaponiyada yaponlar üçün yazılan kitabda yer alacaq mövzuların seçilməsində səslənən təkliflər də nəzərə alınacaq. Dəyirmi masada xalqımızın qonaqpərvərliyi, tolerantlığı, milli mətbəximiz, mədəniyyətimiz və ölkəmizin turizm imkanlarının kitabda yer alması kimi təkliflər irəli sürülüb. Dəyirmi masa müzakirələrlə yekunlaşıb.