XƏBƏRLƏR

ADU-da kurikulum mövzusu müzakirə olunub

18 dekabr, 2017

Dekabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov ADU tələbələri ilə görüşüb. Dəyirmi masada kurikulumun mahiyyəti, onun tətbiq edilməsi kimi məsələlərə aydınlıq gətirilib.

Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, dosent Əmralı Şirəliyev bildirib ki, təhsilə olan qayğı dövlət səviyyəsində müəyyən islahatlarla formalaşır. Görüşün bu islahatlar fonunda tətbiq edilən kurikulumun öyrənilməsi və tədris olunmasına həsr edildiyini söyləyən Ə.Şirəliyev çıxış üçün sözü Ə.Abbasova verib.

Ə.Abbasov tələbələrin təhsil problemləri və onların mahiyyətini öyrənməyə can atmasını yüksək qiymətləndirib. Dünyada tələbəyönümlü təhsil sisteminin yarandığını deyən Ə.Abbasovun sözlərinə görə, təhsilin inkişafı üçün cəmiyyətin tələbatı nəzərə alınmalı, iqtisadi, ictimai, siyasi və mədəni inkişaf prosesində aktual məsələlərə diqqət yetirilməlidir. Dəyirmi masanın əsas mövzusundan söz açan Ə.Abbasov dövlətimizin strateji addımlarında vacib məsələ kimi yer tutan kurikulumun inkişafı və tətbiq edilməsi, kurikulumun dünya modelləri, müasir pedaqogikanın vəzifə və sahələri, bu istiqamətdə aparılan islahatlar, eyni zamanda baza tədris planının komponentləri, seçmə fənlərin mahiyyəti və faydası barədə ətraflı məlumat verib.

Dəyirmi masa tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.