XƏBƏRLƏR

ADU-da maarifləndirici tədbir keçirilib

05 dekabr, 2017
Dekabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində tələbələrlə maarifləndirici görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Həkimlər və təbib tələbələr” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə həyata keçirilən “Narkotiksiz, siqaretsiz, alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində keçirilib. Görüşdə İB-nin sədr müavini Aqil Abbasov Birliyin 2007-ci ildən fəaliyyət göstərdiyini, səhiyyədə aktual olan məsələlərlə bağlı çoxlu sayda layihələr həyata keçirdiyini söyləyib. Hazırki layihə haqqında məlumat verən A.Abbasov layihənin digər ali və orta təhsil müəssisələrində də baş tutduğunu deyib. Təlimçi, həkim Fərid Rüstəmli sağlam həyat tərzindən bəhs edərək spirtli içkilərdən istifadə, profilaktik tibbi müayinə, peyvəndə qarşı laqeyd yanaşma, sağlam qidalanma, gündəlik mayenin qəbulu, nizamlı yuxu, idmanın sağlamlığa təsiri, stressdən uzaq durmaq ilə bağlı çoxsaylı tövsiyələr verib. Narkotik maddələrdən danışan F.Rüstəmli tədbir iştirakçılarını onun növləri, fiziki təsirləri, diaqnostikası, Azərbaycan və dünya üzrə statistik məlumatlarla tanış edib. F.Rüstəmli, həmçinin spirtli içkilərin beyin, sinir sistemi, mədə, ürək-qan dövranı, insan geninə təsirlərindən danışıb. O, tabakomiyanın tarixi haqqında danışaraq qəlyan və ağır materiallar, “yüngül” adlandırılan vasitələr, tütünə aludəçilik, tütünün yaratdığı xəstəliklər, siqaretin zərərlərindən bəhs edib. Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin həkimi Şəhla Mirzəzadə narkomaniya ilə mübarizənin yolları haqqında danışaraq bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Sağlam cəmiyyətin formalaşmasının yalnız həkimlər deyil, hər kəsin vəzifəsi olduğunu bildirən Ş.Mirzəzadə bu istiqamətdə istənilən köməyi göstərməyə hazır olduqlarını sözlərinə əlavə edib. Görüşdə, həmçinin Nəsimi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ramin İsmayılov iştirak edib.