XƏBƏRLƏR

ADU-da Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi qeyd edilib

28 noyabr, 2017

Noyabrın 27-də Azərbaycan Dillər Universitetində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan “dəyirmi masa” keçirilib.

Tədbirdə Milli Məclisin, Rusiya Federasiyası Dövlət Dumasının deputatları, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, universitetin müəllimləri və tələbələri iştirak ediblər.

Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev tədbirdə çıxış edərək deyib ki, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunması əlamətdar hadisədir. Bu müddət ərzində xalqlarımız bir-birini yaxından tanıyıb, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri qurulub. Münasibətlər parlamentlər səviyyəsində də inkişaf edir.

Kamal Abdullayev təhsil sahəsində əlaqələrin inkişafından danışarkən bildirib ki, Azərbaycan Dillər Universiteti ilə Moskva Şəhəri Ali Təhsil İdarəsinin Dövlət Özəl Təhsil Müəssisəsinin Samara filialı arasında müqavilənin imzalanması gözlənilir. Beləliklə, universitetlər birgə layihə həyata keçirəcək, tələbələr əlaqələr quracaq və birgə elmi konfranslarda iştirak edəcəklər.

Sonra Kamal Abdullayev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının üzvü Dmitri Savelyevin təbrik məktubunu oxuyub. Məktubda deyilir: “25 il əvvəl qardaş ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Rusiya ilə Azərbaycan 25 il ərzində qarşılıqlı ehtirama və mehriban qonşuluq prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi üzərində birlikdə işləyərək ciddi yol qət ediblər. Strateji tərəfdaşlıq və qarşılıqlı dəstək ölkələrimizə dünya maliyyə böhranının doğurduğu bütün çətinliklərə baxmayaraq, nəinki dayanıqlı iqtisadi mövqeləri qoruyub saxlamaq, həm də bir çox istiqamətlərdə qabaqlayıcı inkişaf sürətinə nail olmağa imkan verib. Şübhəsiz ki, bütün bu proseslərdə Rusiya ilə Azərbaycanın möhkəm parlamentlərarası əlaqələri böyük rol oynayıb. Xüsusi vurğulamaq istəyirəm ki, bir-birimizi dəstəkləməyimiz dövlətlərimizin dünyanın siyasi arenasında da mövqelərini gücləndirib. Səmimi qəlbdən həmkarlarıma yaradıcılıq ruhu və Rusiya ilə Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli fəaliyyət arzu edirəm”.

Rusiya Dövlət Dumasının deputatı Nadejda Kolesnikova deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban dostluq xarakteri daşıyır. O, parlamentlərarası münasibətlərin əhəmiyyətini də vurğulayaraq qeyd edib ki, ölkələrimiz arasında parlamentlərarası, hərbi-texniki, iqtisadi əməkdaşlıq üzrə komissiyalar işləyir.

Milli Məclisin deputatı Elmira Axundova deyib ki, ölkələrimiz arasında münasibətlərin tarixi çox qədimdir. Rusiya sadəcə qonşu deyil, həm də yaxın dostdur. Ötən 25 il ərzində əlaqələrin inkişafında çox işlər görülüb. Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalıb. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri, işğalçı ölkəyə təsiri olan bir ölkə kimi bu problemin həllində daha fəal ola bilər. Artıq 25 ildir biz ərazi bütövlüyümüzün pozulması şəraitində yaşayırıq. Özgə torpağının bircə qarışı da bizi maraqlandırmır. Biz öz əzəli torpaqlarımızı geri qaytarmaq istəyirik.

Samara Quberniya Dumasında “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasının fraksiya üzvü, Moskva Şəhəri Ali Təhsil İdarəsinin Dövlət Özəl Təhsil Müəssisəsinin direktoru Qalina Kozlovskaya qeyd edib ki, istənilən əlaqələrin təməlində bəşəri münasibətlər dayanır. İnsani münasibətlər, tarixə və mədəniyyətə hörmətlə yanaşmaq istənilən münasibətlərin əsasını təşkil edir. O deyib ki, Samarada Azərbaycana böyük maraq var. Bu şəhərdə dəfələrlə Azərbaycan günləri keçirilib.

Q.Kozlovskaya vurğulayıb: “Multikulturalizm sahəsində Azərbaycanın böyük təcrübəsi var. Multikulturalizm ideyası çox qiymətlidir və fundamentaldır. Onun bazasında humanitar münasibətləri, xalqların mədəniyyətlərarası dialoqunu inkişaf etdirmək, mental və dil maneələrini aradan qaldırmaq olar”.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Fazil Mustafa qeyd ediblər ki, Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq telləri, iki xalq arasında tarixən təşəkkül tapmış mənəvi-mədəni ənənələr birləşdirir. Ölkələrimiz qarşılıqlı maraq doğuran sahələrdə – siyasi, iqtisadi və sosial sahələrdə səmərəli əməkdaşlıq edirlər. Ölkələrimizi Azərbaycan və rus xalqlarının dostluq və qarşılıqlı rəğbət ənənələri birləşdirir.

Deputat Qüdrət Həsənquliyev ümidvar olduğunu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcək və Rusiya bu məsələdə daha ciddi səylər göstərəcək.

Deputat Rasim Musabəyov vurğulayıb ki, ölkələrimiz arasında dostluq münasibətlərinin təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var. Ulu Öndər bütün çətinliklərə baxmayaraq, Azərbaycan-Rusiya münasibətlərini yetərincə yüksək səviyyədə saxlaya bildi. Ölkələrimiz qonşudur, bizim yaxşı münasibətlərimiz olmalıdır. Bunun iki ölkənin möhkəmlənməsi və inkişafı üçün son dərəcə böyük əhəmiyyəti var. Bu gün Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. O, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində elm və incəsənət xadimlərinin də rolunu vurğulayıb.