XƏBƏRLƏR

ADU-da “Multikulturalizm və İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib

27 noyabr, 2017

Noyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Elmi əməkdaşlıq şöbəsi və Multikulturalizm ETL-nin birgə təşkilatçılığı ilə “Multikulturalizm və İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə ADU-nun Multikulturalizm ETL-nin müdiri İrina Kunina, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova, Beynəlxalq Multikultural Şəbəkənin Pakistan üzrə təmsilçisi Umer İrfan, elmi tədqiqatçı, Pakistan Punjab Kollecinin rəhbəri Muhammad Nadeem və başqaları çıxış ediblər.

Multikulturalizm ETL-nin müdiri İrina Kunina tədbiri açıq elan edib. Tədbir iştirakçılarından Xəyalə Məmmədova Beynəlxalq Multikultural Şəbəkədən, Azərbaycanın multikulturalizm modelinin beynəlxalq səviyyədə təbliğindən danışaraq, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunmasını xüsusilə qeyd edib.

Multikultural Şəbəkənin Pakistan üzrə təmsilçisi Umer İrfan çıxışı zamanı Azərbaycan və Pakistan xalqlarının dostluğundan, iki xalq arasındakı milli və mənəvi dəyərlərin oxşarlığından bəhs edib. O, “Multikulturalizm və İslam xalqlarının həmrəyliyi” mövzusunda məruzə söyləyib. Ölkəmizə ilk dəfə gəldiklərini vurğulayan Pakistan nümayəndələri, şəhərimizin gözəlliyindən, günü-gündən inkişafından, xalqımızın qonaqpərvərliyindən bəhs ediblər. Pakistan Punjab Kollecinin rəhbəri Muhammad Nadeem isə Azərbaycanın əsl multikultural ölkə modeli olduğunu qeyd edib.

Daha sonra tədbir iştirakçıları tələbə və müəllimlərin suallarını cavablandırıblar.