XƏBƏRLƏR

ADU-da mediaya dair daha bir mühazirə

22 noyabr, 2017

Noyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Fransa Məlumat Mərkəzi və Filologiya və jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Xarici xəbərlərin təhlili redaksiyasının müdiri, jurnalist Vüqar Ələsgərov universitetin jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinə “Azərbaycan mediasında xarici dil bilən jurnalistlərin qıtlığı, dil və üslub problemləri” adlı mühazirə oxuyub.

V.Ələsgərov jurnalistikanın ümumi prinsipləri, televiziya və agentlik xəbərlərinin fərqi, eyni zamanda medianın kütlənin yönləndirilməsində rolu barədə danışıb: “Klassik xəbər anlayışında xəbərlərin xronoloji ardıcıllığına riayət olunmalıdır, eyni zamanda jurnalistikada tərcümə və üslub vərdişlərinə yiyələnmək vacib sayılır. Məqalələrdə xəbər başlıqları diqqəti cəlb etməklə yanaşı mahiyyətini də itirməməli, xəbərin məğzini özündə əks etdirməlidir”.

Jurnalistikada ən çox üslub probleminin olduğunu deyən V.Ələsgərov xarici dil biliklərinin peşəkar jurnalistin fəaliyyətində əhəmiyyətli rolunun olduğunu da diqqətə çatdırıb.

İnteraktiv şəkildə keçən tədbirdə mühazirəçi tələbələri maraqlandıran sualları cavablandırıb.