ADU-da “Folklor və ədəbi abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyası kontekstində” mövzusunda dəyirmi masa keçirilib
Noyabrın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Folklor və ədəbi abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyası kontekstində” mövzusunda dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dəyirmi masanın ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası istiqamətində gördüyü işlərin folklor və ədəbi abidələrimizlə bağlı şaxəsinə aid olduğunu bildirib. Heydər Əliyevin mədəni irsimizə münasibətinin bu gün də göz önündə olduğunu qeyd edən rektor bu münasibətin Prezident İlham Əliyev tərəfindən böyük ləyaqətlə sistemli səkildə davam etdirildiyini bildirib. Heydər Əliyevin dövlətçilik tariximizdə çox gözəl bir ənənənin başlanğıcını qoyduğunu söyləyən rektorun sözlərinə görə, birinci hakimiyyəti dövründə ulu öndərin Azərbaycanın milli-mənəvi dəyərlərinə və onun daşıyıcılarına, şəxsiyyətlərə olan münasibəti müxtəlif yubileylər, mərasimlər şəklində xalqın yaddaşına, dünyagörüşünə sanki pərçim edilib. K.Abdulla əlavə edib ki, ulu öndərin “Kitabi-Dədə Qorqud” dastanlarına, digər dastanlarımıza, görkəmli elm və ədəbiyyat nümayəndələrimizə olan münasibəti həm də prinsip etibarı ilə dövlətin münasibəti idi. O, şəxsi münasibəti ilə xalqın və dövlətin münasibətini cəmləyərək bu şəkildə bizim milli-mənəvi dəyərlərimizi dövlətin münasibəti kimi bütün dünyaya nümayiş etdirib.
Rektor onu da vurğulayıb ki, ulu öndərin folklorla bağlı nəzərdə tutduğu, Prezident İlham Əliyevin hədəfə çevirdiyi istiqaməti ADU-da inkişaf etdirməyə çalışır: “Folklor abidələrinə olan münasibətin bir hissəsini də biz öz fəaliyyətimizdə inkişaf etdirməyə çalışırıq. Bu məqsədlə Azərbaycan Dillər Universitetində Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası yaradılıb. Onların qarşısında konkret məqsədlər durur və bu məqsədlərdən biri də bizim folklor nümunəmiz olan “Kitabi-Dədə Qorqud” dastanlarının dünyanın bir çox qədim dastanları ilə müştərək şəkildə öyrənilməsi məsələsidir”.
“Kitabi-Dədə Qorqud” dastanlarının XIX əsrin əvvəllərində alman alimi və diplomatı Fridrix fon Dits tərəfindən aşkar edilərək Avropa oxucusuna və elminə təqdim olunduğunu qeyd edən K.Abdulla bu dastanın həmin nüsxəsinin Drezden kitabxanasında saxlanıldığını və alman alimləri tərəfindən böyük ehtiramla yad edildiyini sözlərinə əlavə edib. Bu ehtirama qarşı diqqətin Azərbaycanda dövlət səviyyəsində təzahüründən danışan rektor Prezident İlham Əliyevin 2015-ci ildə Fridrix fon Ditsin Azərbaycan dastanını tapıb üzə çıxarmasının 200 illiyi münasibəti ilə verdiyi sərəncamı həmin abidənin Avropada başlayan tarixinə bir işarə və alman alimin Azərbaycan ədəbiyyatşünaslığının qarşısında unudulmaz xidmətinə olan ehtiramın nümunəsi kimi xarakterizə edib.
Rektor çıxışının sonunda dəyirmi masaya qatılan qonaqlara və məruzəçilərə təşəkkürünü bildirib, bu qəbildən olan tədbirlərin mütəmadi formada keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
AMEA-nın Folklor İnstitutunun direktoru, universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Heydər Əliyev və xalq yaradıcılığı” mövzusunda çıxış edib. O, bildirib ki, Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik dövründə xalq yaradıcılığına münasibəti milli-mənəvi dəyərlərimizin özümüzə və dünyaya tanıdılması amalından xəbər verir. “Sovet dövründə xalq yaradıcılığına münasibət birmənalı olmayıb”-deyən akademik bildirib ki, sovet hökuməti xalq yaradıcılığını da öz ideologiyasına uyğunlaşdırmaq istəyib. Amma həmin dövrdə bizim nəhəng folklorşünaslarımız folklorumuzun öz mahiyyətindən uzaqlaşmasına imkan verməyiblər. 70-ci illərdə xalq yaradıcılığına münasibətin bütövlükdə dəyişdiyini, xalq yaradıcılığının mahiyyətinə uyğun tədqiq və nəşri ilə yadda qaldığını söyləyən M.İmanov bunu yaranan siyasi mühit və Heydər Əliyevin sovet dönəmindəki fəaliyyəti ilə əlaqələndirib.
Dəyirmi masada AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Azərbaycanda dil siyasəti, Heydər Əliyevin azərbaycançılıq konsepsiyası”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Azad Zeynalov “Azərbaycan təsviri incəsənətində Heydər Əliyevin rolu”, ADU-nun II kurs magistrantları Günay Həmidli “Heydər Əliyev və Kitabi-Dədə Qorqud”, İlahə Məmmədzadə isə “Heydər Əliyev və Azərbaycan folkloru” mövzularında məruzə ilə çıxış ediblər.
Görüş müzakirələrlə yekunlaşıb.