ADU-da “Qaymaqlı məktəbinin ziyası” kitabının təqdimatı keçirilib
Noyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Kitabxana şöbəsinin bölmə müdiri Güllüzar Məmmədovanın müəllifi olduğu “Qaymaqlı məktəbinin ziyası” kitabının təqdimat mərasimi keçirilib.
“Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının redaktoru olduğu kitab müəllifin doğulub boya-başa çatdığı Qazax rayonunun Qaymaqlı kəndinin etnoqrafik tarixindən və kənddəki məktəblərdən bəhs edir.
ADU-nun rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev tədbiri giriş sözü ilə açaraq, kitab haqda qısa məlumat verib.
Daha sonra müəllif “Qaymaqlı məktəbinin ziyası” kitabı haqqında tədbir iştirakçılarına təqdimatla çıxış edərək, sözügedən kəndin məktəbində təhsil alan məktəb məzunlarının elmi fəaliyyəti, yaradıcı insanların ömür yolu, sənətkarların əmək fəaliyyəti, kəndin tarixi abidələri, tərbiyə məktəbi olan aşıq sənəti, eyni zamanda kəndin qəhrəman və şəhid oğullarının müharibədə göstərdiyi şücaət və fədakarlıqlarından bəhs edib.
Universitetin Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov ADU-nun rektoru akademik Kamal Abdullanın adından müəllifə uğurlar arzulayaraq, kitabda adı qeyd olunan Molla Nəbinin öz evini seminariyaya bağışlamağına diqqət çəkib. S.Hüseynov kitabın ikinci hissəsində yer alan Qaymaqlı kənd orta məktəbinin müəllimlərindən olan Pəri müəllimənin pedaqoji fəaliyyəti, onun təhsil və tərbiyə verdiyi məzunların müəllimləri haqqında kövrək xatirələrinə kitabda xüsusi yer verildiyindən danışıb.
Kitabın redaktoru Akif Aşırlı çıxışında mətnlərə müdaxilə etməyin kitabın ruhunun dəyişməsinə gətirib çıxardığına diqqət çəkib və buna görə də kitaba heç bir müdaxilə etmədiyini vurğulayaraq, kitabın gələcək nəsil üçün əhəmiyyətindən danışıb.
ADU-nun professor-müəllim heyəti də kitab haqqında fikirlərini bölüşüblər.
Sonda ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı müəllifə və tədbir iştirakçılarına təşəkkürünü bildirərək, bu cür kitabların geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb.