XƏBƏRLƏR

Futzal üzrə qalib komandalar mükafatlandırılıb

16 noyabr, 2017

Noyabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) İdman klubu və Tələbə Həmkarlar Təşkilatının (THT) birgə təşkilatçılığı ilə “uduzan çıxır” sisteminə əsasən keçirilən futzal üzrə fakültələrarası birincilik yarışmasında qalib komandaların mükafatlandırılma mərasimi keçirilib.

Oktyabrın 21-22-də keçirilən yarışda ADU-nun Təhsil fakültəsindən 7, Filologiya və jurnalistika fakültəsindən 3, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsindən 7, Tərcümə və mədəniyyətşünaslıq fakültəsindən 3 komanda olmaqla, ümumilikdə 20 komanda iştirak edib.

Yarışın keçirilməsində məqsəd noyabrın 25-dən etibarən Ali məktəb tələbələri arasında futzal üzrə Tələbə Həmkarlar Təşkilatının açıq birinciliyi yarışması üçün istedadlı gənclərdən ibarət yığma komandanın təşkilinin təmin olunmasıdır.

Yarışmada komandalar arasından Təhsil fakültəsinin tələbələrindən ibarət 1 nömrəli komanda I yerə, ADU-nun məzunlarından ibarət komanda II yerə, Təhsil fakültəsinin tələbələrindən ibarət 2 nömrəli komanda isə III yerə layiq görülüb.

Yarışın qalibləri ADU-nun İdman klubunun diplom və medalları, THT-nin kubok və qiymətli hədiyyələri ilə təltif olunublar.