XƏBƏRLƏR

Peşəkar jurnalistlər ADU tələbələri ilə görüşüb

15 noyabr, 2017

Noyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Moderator.az informasiya portalının baş redaktoru Zülfüqar Hüseynzadə və “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi universitetin Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

Y.Məmmədli Azərbaycanda mövcud olan multikultural dəyərlər haqqında danışıb. O, dünyanın 17 ölkəsində, Azərbaycanın isə 40-a yaxın ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu deyib. Y.Məmmədli bu fənn çərçivəsində tələbələrin öz seçimlərinə əsasən Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatının öyrənildiyini bildirib. Azərbaycanda jurnalistika haqqında danışan Y.Məmmədli cəmiyyətin maarifləndirilməsində və inkişafında bu sahənin xüsusi rolunun olduğunu qeyd edib. Jurnalist işinin böyük sevgi tələb etdiyini deyən Y.Məmmədli bu işlə məşğul olan mütəxəssislərin əsas xüsusiyyətlərinin vətənpərvərlik və peşəkarlıq olduğunu söyləyib.

Z.Hüseynzadə bildirib ki, övladlarının uğurlu karyera qurmaları valideynləri maraqlandıran əsas məsələlərdəndir. O, bu səbəbdən tələbələrin ixtisaslarını daha yaxşı mənimsəmələri ilə yanaşı, öz karyeralarını təhsil aldıqları dövrdən başlamalı olduqlarını tövsiyə edib. Jurnalistika ixtisasına sahib olmaq istəyən gənclərin nəzəri biliklərdən əlavə, xüsusi istedada malik olmalarının da vacib şərtlərdən olduğunu vurğulayıb. Z.Hüseynzadə Azərbaycan Dillər Universitetində müxtəlif dillərdə təhsil alan tələbələrin gələcəkdə Azərbaycanın tarixi həqiqətlərinin dünya tribunalarında, beynəlxalq təşkilatlarda daha geniş təbliğinə nail ola biləcəklərini söyləyib. Jurnalist peşəsinin dəyərli olduğunu söyləyən Z.Hüseynzadə Azərbaycanda bu sahədə çalışmaq üçün münbit şəraitin mövcudluğundan danışıb. O, tələbələrə gələcək fəaliyyətlərində uğurla addımlamalarında dəstək olmağa daim hazır olduqlarını diqqətə çatdırıb və onları əməkdaşlığa dəvət edib.

“ASAN FM” radiosunun rəhbəri Emin Musəvi peşəkar jurnalist kimi yetişmək, fəaliyyət göstərmək üçün mütaliənin vacibliyindən danışıb. O, bu istiqamətdə boşluqların olduğunu, gənclərin kitab oxumağa maraqlarının azaldığını qeyd edib. E.Musəvi, həmçinin jurnalistikada çalışan şəxslərin peşəkarlığının təmin olunması üçün sahələr üzrə ixtisaslaşmanın əhəmiyyətindən söz açıb.

ADU-nun Təcrübə, professional inkişaf və karyera şöbəsinin müdiri Məmməd İsmayılov, öz növbəsində jurnalistika ixtisasının mütəmadi təcrübə tələb edən ixtisaslardan olduğunu bildirərək universitetdə həyata keçirilən “Təcrübədən əvvəl təcrübə” proqramının bu istiqamətdə tələbələrin maraqlarına xidmət edən bir layihə olduğunu söyləyib. “Təcrübədən əvvəl təcrübə” layihəsi haqqında məlumat verən M.İsmayılov qeyd edib ki, layihə tələbələrdə jurnalistin peşə mədəniyyətinin formalaşmasını təmin edir və onlara nəzəriyyəni birbaşa təcrübə ilə birləşdirmək imkanı verir.

Görüşdə jurnalistikanın sahələri, onun fərqli və üstün cəhətləri, informasiyanın oxucuya dəqiq ötürülməsi, sosial media vasitəsi ilə yayılan xəbərlərin xüsusiyyətləri haqqında müzakirələr aparılıb, “Təcrübədən əvvəl təcrübə” layihəsində iştirak edən tələbələrin təcrübə ilə bağlı təəssüratları dinlənilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.