XƏBƏRLƏR

ADU-da gənc müəllimlərlə bağlı görüş keçirilib

02 noyabr, 2017

Noyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə “Gənc kadrlarımız niyə rayon məktəblərində müəllim işləmək istəmirlər?” mövzusunda görüş keçirilib.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sevinc Kazımova Auditoriya+ proqramı çərçivəsində tədbirlərin keçirilməsinin universitetdə artıq ənənə halını aldığını bildirib. Bu tip tədbirlərin tələbələrin müxtəlif məsələlərin müzakirəsinə qoşulmasında və fikir mübadiləsi aparmasında mühüm rol oynadığını deyən S.Kazımova belə aktual bir mövzuya həsr edilən görüşün keçirilməsinə şərait yaradan hər kəsə təşəkkürünü bildirib.

Görüşdə müəllim təyinatı ilə bağlı dünya və Azərbaycan təcrübəsi, ölkəmizdə rayon məktəblərinə göndərilən müəllimlərə edilən güzəştlər və statistik məlumatlardan söz açılıb, eyni zamanda gənc müəllimlərin təyinatdan yayınma səbəbləri və onun həlli yolları istiqamətində müzakirələr aparılıb.

Sonda çıxış edən Filologiya və jurnalistika fakültəsinin dekanı dosent Vüsalə Ağabəyli bu məsələnin əsasən vətənpərvərlik hissi ilə əlaqədar olduğunu diqqətə çatdırıb. O, universitet rəhbərliyinin tələbələrin rayonlara pedaqoji təcrübəyə göndərilməsi istiqamətindəki planlarından söz açaraq bu təşəbbüsün tələbələrin həmin bölgələrə uyğunlaşması və gələcək fəaliyyətlərini orada davam etdirmələri baxımından faydalı ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, tədbirdə mövzu ilə bağlı tələbələrin ifasında səhnəciklər nümayiş olunub, “Ucqar kəndin gənc müəllimi” adlı video-çarx təqdim edilib.