XƏBƏRLƏR

Fransalı müəllim ADU tələbələrinə mühazirə oxuyub

02 noyabr, 2017

Fransanın Bordo-Monteyn Universitetinin müəllimi xanım Beatris Boyer “Erasmus +” ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) tələbələrinə “Fransız mədəniyyəti” mövzusunda mühazirə söyləyib.

Müasir avadanlıqlarla təchiz edilmiş Frankofoniya mərkəzində keçirilən dərsdə fransız mətbəxindən söz açan B.Boyer Azərbaycan mətbəxi ilə də ciddi maraqlandığını söyləyib. Tələbələrlə diskussiyada Azərbaycanın və Fransanın mədəniyyəti, tarixi abidələri, milli mətbəxi müzakirə olunub. ADU rektorunun məsləhətçisi Anar Osmanlı tarixi abidələrimiz və milli mətbəximiz haqqında B.Boyerə geniş məlumat verib.

B.Boyerin Azərbaycanın tarixi abidələri barəsində daha geniş məlumatlandırılması üçün bu həftə sonu ADU-nun tələbə və müəllim heyəti ilə birlikdə Qobustan dövlət tarixi-bədii qoruğu  və Qala muzeyi kompleksinə səfəri planlaşdırılır.

Qeyd edək ki, Auditoriya+ proqramı çərçivəsində 30 oktyabr tarixindən başlayan dərslər həftənin cümə günü yekunlaşacaq.