XƏBƏRLƏR

ADU-da yeni formatda ilk dərs keçirilib

01 noyabr, 2017

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın rəhbərliyi ilə universitetdə təhsilin inkişafı istiqamətində genişmiqyaslı islahatlar və layihələr davam etdirilir. Rektorun göstərişinə əsasən universitetin kafedraları arasında əməkdaşlığın genişləndirilməsi və tələbələrin elmi potensialının gücləndirilməsi məqsədi ilə birgə dərslərin keçirilməsinə başlanılıb. İnteraktiv formada keçirilən dərslərdə iki lektorun mühazirə deməsi, tələbələrlə mühazirəçilər arasında sərhədin aradan qaldırılması kimi nüanslar dərsə xüsusi maraq qatır, onun keyfiyyətini yüksəldir.

Noyabrın 1-də universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanovun təşəbbüsü ilə Azərbaycan ədəbiyyatı kafedrası və Fəlsəfə və ictimai elmlər kafedralarının ortaq fəaliyyəti əsasında “Ədəbiyyatda postmodernizm” mövzusunda ilk birgə dərs keçirilib. Dərsdə Azərbaycanşünaslıq ETL-in müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov, adları sadalanan kafedraların əməkdaşları, eyni zamanda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan 341a, 341b, 341c qrup tələbələri və Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili alan II kurs tələbələri iştirak edib.

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova “Postmodernizmin Azərbaycan ədəbiyyatında təzahürü” mövzusunda ətraflı məlumat verib. O, bildirib ki, dünya ədəbiyyatında geniş yayılan modernist və postmodernist ədəbi-estetik konsepsiyalar Azərbaycan ədəbiyyatından da yan keçməyib. Sosialist realizminin hakim olduğu dövrlərdə bizim sənətkarlarımız fikri, mətləbi Ezop dilində çatdırmağa çalışıblar. Postmodernizmin Azərbaycan ədəbiyyatında konseptual formada akademik K.Abdullanın  əsərlərində özünü göstərdiyini qeyd edən D.Zeynalova ədəbiyyatımızda həmçinin kortəbii postmodernizmin mövcud olduğunu vurğulayıb.

“Postmodernizmin fəlsəfi aspektləri” mövzusunda danışan Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Niyazi Mehdi postmodernizmin fəlsəfəsi, prinsipləri, əsas ideyaları və  mədəniyyətdə önəmindən bəhs edib. Qarşılıqlı fikir mübadiləsi əsasında təşkil edilən dərsdə professor mövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb.