XƏBƏRLƏR

ADU-da “Japan Food Expo-2017” çərçivəsində konfrans keçirilib

27 oktyabr, 2017

Oktyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Yaponiya Araşdırma Mərkəzinin müdiri, Yaponiya məhsulları sərgisinin Təşkilat Komitəsinin üzvü Yaşar İbrahimov konfrans iştirakçılarına sərgi barədə məlumat verib. Yaponiya məhsulları sərgisinin Təşkilat Komitəsinin sədri İşida Kazuyasu iki ölkə arasında uzun illər davam edən tarixi, iqtisadi və mədəni əlaqələrdən danışıb. Azərbaycanı çox sevdiyini və burada olmaqdan məmnun olduğunu dilə gətirən İ.Kazuyasu hər kəsi 27-28 oktyabr tarixlərində Yaponiya məhsullarının nümayiş olunacağı sərgidə fəal iştirak etməyə  dəvət edib.

Daha sonra Azərbaycan və Yaponiya arasında tarixən mövcud olan diplomatik əlaqələr haqqında danışan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) İnformasiya və çəkilişlər departamentinin sədri, əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev Azərbaycanın Qafqaz regionunda ən yaxşı inkişaf edən ölkə olduğunu söyləyib və iki ölkə arasında qurulan mədəni, siyasi və iqtisadi əlaqələrin gələcəkdə daha da mökhəmlənəcəyinə ümid etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, “Japan Food Expo-2017” çərçivəsində 200-ə yaxın Yaponiya vətəndaşı ölkəmizdə səfərdədir.