XƏBƏRLƏR

Millət vəkili Aydın Mirzəzadə ADU tələbələrinə mühazirə oxuyub

25 oktyabr, 2017
Oktyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Magistratura şöbəsinin təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində dəyirmi masa keçirilib. Dəyirmi masaya qonaq qismində dəvət olunan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə magistr təhsili alan tələbələrinə mühazirə oxuyub.

ADU-nun Magistratura şöbəsinin müdiri Bənövşə Məmmədova A.Mirzəzadəni salamlayaraq tələbələrin dəvətini qəbul etdiyinə görə millət vəkilinə təşəkkür edib.

A.Mirzəzadə dəyirmi masada “BMT və qlobal sülh problemləri” mövzusunda çıxış edib. İnteraktiv formada təşkil edilən görüşdə millət vəkili tələbələrin sualları əsasında mövzu ilə bağlı fikirlərini bölüşüb. Deputat qeyd edib ki, ayrı-ayrı dövlətlərin siyasi, iqtisadi maraqlarından qaynaqlanan ərazi iddiaları onlar arasında münaqişələrə səbəb olur. Bəşəriyyət inkişaf etdikcə müəyyən dövrlərdə onun inkişafına mane olan bir çox problemlərin həllinə çalışıb, cəmiyyətdə münasibətləri sülh yolu ilə həll edən, bu münaqişələri tənzimləyən, yeni təfəkkürü reallığa çevirə bilən mexanizmə ehtiyac duyub. Belə təşkilatlardan birinin BMT olduğunu vurğulayan millət vəkili onun yaranması, fəaliyyəti, strukturu və məqsədləri haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 24 oktyabr 1945-ci ildə yaranan və hazırda 193 üzvü olan  BMT-nin əsas məqsədi müharibə və silahlanmanın qarşısının alınması, dövlətlər arasında inamın möhkəmlənməsi, dünyada sülhün və sabitliyin bərqərar olmasıdır.

BMT-nin səmərəsizliyindən söz açan A.Mirzəzadə bunu təşkilatda effektli icra strukturunun olmaması, ikili standartların mövcudluğu, onun həddən artıq bürokratlaşması ilə əlaqələndirib. O, eyni zamanda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələri xatırladaraq bildirib ki, bu qətnamələr hələ də həyata keçirilməyib. “BMT-nin bu qətnamələrin həyata keçirilməsinə zəmanət verən elə bir mexanizmi yoxdur”-deyən deputat təşkilatın sadəcə bəyanat verən bir quruma çevrildiyini vurğulayıb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Qeyd edək ki, A.Mirzəzadə şəxsi kitabxanasından və müəllifi olduğu kitablardan bəzilərini tələbələrə təqdim edib.

Tədbirin sonunda Magistratura şöbəsi tərəfindən millət vəkilinə gənclər arasında maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliğindəki xidmətlərinə görə hədiyyə verilib.