XƏBƏRLƏR

ADU-da “EcoChange” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

23 oktyabr, 2017

Oktyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) “İnkişaf zamanı” proqramının iştirakçıları olan universitet tələbələri Orxan Salmanov, Leyla Kərimli və Ruslan Həşimzadənin birgə təşəbbüsü ilə həyata keçirilən “EcoChange” layihəsi çərçivəsində SABAH qruplarının tələbələri ilə görüş keçirilib.

Tədbirdə “İnkişaf zamanı” proqramının koordinasiya komitəsinin üzvü, fasilitator Namaz Kərimov proqram haqqında ətraflı məlumat verib. O, “İncəsənət sosial inkişafda vasitə kimi” mövzusunda keçirilən proqramın Theodor-Heuss-Kolleg, MitOst və “Konstitusiya” Araşdırmaları Fondunun təşkilatçılığı və Almaniya Federal Hökumətinin dəstəyi ilə Azərbaycanda yaşayan gənclər üçün nəzərdə tutulduğunu bildirib. N.Kərimov əsas ideyası incəsənət vasitəsi ilə icmamızı inkişaf etdirmək, müsbət sosial dəyişiklik yaratmaq və ya hər hansı problemi vurğulamaq olan proqram çərçivəsində icmalarında fəal olan və ya fəal olmaq istəyən gənclərin öz layihələrini reallaşdırmaq üçün lazımı biliyi, bacarıqları və dəstəyi  əldə etdiklərini qeyd edib. 18-25 yaş arası, könüllülüyə və gənclərin fəaliyyətinə, yaradıcı və ya innovativ yanaşmaya maraq göstərən gənclərin iştirakı ilə “İnkişaf zamanı” proqramı çərçivəsində öz könüllü layihəsini həyata keçirtmək, layihənin idarə olunması sahəsində bilik və təcrübə qazanmaq, vətəndaş aktivliyi haqqında bilik qazanmaq, incəsənətin boyük sosial qüvvəyə malik olmasının şahidi olmaq, sosial çevrəni genişləndirmək, həmfikirlər şəbəkəsini yaratmaq istiqamətində keçirilən təlimlər haqqında danışıb. O, müraciət və seçim prosesi ilə bağlı ətraflı məlumat verib.

“Camping Azerbaijan” şirkətinin təsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Cavid Qara təbiət, insan və turizm anlayışları, onların qarşılıqlı təsirlərindən, bu əlaqələrin yaratdığı ekoloji fəsadlardan danışıb.

Görüşdə, həmçinin ekoloji məsələlər və insanların ekologiya ilə bağlı fikirləri nümayiş olunan videoçarx göstərilib.

Tədbirin davamında “Bir cümlə atışı” adlı müsabiqə keçirilib. İştirakçılar bir cümlədən ibarət maraqlı fikirləri təşkilatçıların poçt ünvanlarına göndəriblər. Sonda qaliblər müəyyənləşdirilərək sertifikat və hədiyyələr təqdim olunacaq.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, “EcoChange” layihəsi “İnkişaf zamanı” proqramı, “Camping Azerbaijan” şirkəti, “Green Baku” ekoloji təşkilatı, Azərbaycan Dillər Universiteti və Bakı Ali Neft Məktəbinin (BANM) tərəfdaşlığı əsasında həyata keçirilib.