XƏBƏRLƏR

ADU-da Hindistanın milli bayramı olan Divali qeyd edilib

20 oktyabr, 2017

Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Hind dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Hindistanın milli bayramı olan Divali bayramı qeyd edilib.

Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova səfiri salamlayıb və universitet rəhbərliyi adından onu Divali bayramı münasibəti ilə təbrik edib. Tədbirin iştirakçılara Hindistan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradacağını deyən J.Qəribova  onun təşkil edilməsinə görə Hindi dili və Mədəniyyəti Mərkəzinə təşəkkürünü bildirib.

Səfir S.Rana Divali bayramının tarixi və xüsusiyyətləri barədə danışıb. O, qeyd edib ki, işıqlar və lampalar festivalı olan Divali Hindistanın qədim bayramlarından biridir və ilin ən qaranlıq gecəsinə təsadüf edir. Səfirin sözlərinə görə, bu festival hind tanrısı olan Rama ilə bağlıdır. Daha sonra səfir qədim hind eposu olan “Ramayana”nın məzmunu barədə qısa məlumat verib.

S.Rana ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullaya Hindistan səfirliyi ilə ADU arasında əməkdaşlığa verdiyi töhfəyə görə, J.Qəribovaya isə Hindi dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətinə göstərdiyi dəstəyə görə hədiyyə təqdim edib.

Tədbirin bədii hissəsində tələbələrin və mərkəzin əməkdaşlarının ifasında bir sıra hind rəqsləri və Azərbaycanın məşhur “Sarı gəlin” mahnısı əsasında hazırlanmış rəqs nümayiş olunub, hind dilində mahnı və şeir səsləndirilib.

Tədbirin sonunda rektor K.Abdulla səfiri Divali bayramı münasibəti ilə bir daha təbrik edərək xatırladıb  ki, “Səfir saatı” klubunda ilk mühazirə oxuyan səfir S.Rana olub. Rektor buna görə səfirə təşəkkürünü bildirib. Hindistanla Azərbaycan arasındakı münasibətlərin həmişə yüksək səviyyədə olduğunu vurğulayan rektor bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonda rektor K.Ablulla və səfir S.Rana tədbirin ərsəyə gəlməsində iştirak edən tələbələrə sertifikatlar təqdim ediblər.