XƏBƏRLƏR

ADU-da Çində siyasi linqvistikaya dair seminar keçirilib

19 oktyabr, 2017

Oktyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çində müasir siyasi linqvistikanın əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov müasir linqvokonseptologiyanın əsas istiqamətləri və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsinpinin siyasi dilinin tarixi-mədəni xüsusiyyətləri barədə danışıb. R.Abbasov qeyd edib ki, ÇXR sədri Si Tsinpinin çıxışlarını oxuyarkən ilk növbədə diqqəti Çin poeziyasından və qədim dövr mütəfəkkirlərinin əsərlərindən verilən sitatlar, yaddaqalan parlaq məcazlar, atalar sözləri və “çenyuy” idiomatik ifadələri cəlb edir. Bütün bu dil vasitələri ÇXR-in sədrinin nitqlərinə dolğunluq və emosionallıq verməklə, eyni zamanda nəzərdə tutulan siyasi kursunun məna və hədəflərini izah etməklə yanaşı Çin mədəniyyətinin dünyada yayılmasına da xidmət edir.

Seminarın işi çərçivəsində ÇXR-in sədri Si Tsinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət, Azərbaycan dilində (Çin dilindən qeyri-rəsmi tərcümə) materiallar toplusu təqdim edilib. Toplunun tərtibçisi R.Abbasov söyləyib ki, Si Tsinpinin dövlətin idarə olunması haqqında fikirlərindən ibarət olan bu kitab Azərbaycan ictimaiyyətinə ÇXR rəhbərinin siyasi fəlsəfəsini, ÇXR-in daxili və xarici siyasət inkişafının əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də, “Çin arzuları” konsepsiyası və Böyük İpək yolunun bərpasına yönəldilmiş “Bir kəmər – bir yol” layihəsi ilə tanış olmaq imkanı verəcək.

R.Abbasov onu da qeyd edib ki, Si Tsinpinin nitqlərinin mətnləri Çin dilinin siyasi leksikasını və frazeologiyasını tədqiq edən tələbələr üçün gözəl tədris materialıdır.

Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşları Əfsanə Balayeva və Nigar Qocayeva Çin siyasi mətninin leksiki-üslub xüsusiyyətləri, siyasi frazeologiyalarının incəlikləri və siyasi kommunikasiyaları haqqında danışıblar.