XƏBƏRLƏR

İsrailli ekspert ADU tələbələri ilə görüşüb

17 oktyabr, 2017

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasında universitetin İsrail və Yaxın Şərq mərkəzinin təşkilatçılığı ilə beynəlxalq münasibətlər üzrə ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının həmsədri Arye Qut Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.

Görüşdə A.Qut “İsrail və Azərbaycan münasibətlərində multikulturalizm faktoru” mövzusunda məruzə ilə çıxış edib.

A.Qut çıxışında İsraildə 70 minə yaxın Azərbaycan kökənli yəhudinin yaşaması və “Aziz” Azərbaycan-İsrail diaspor təşkilatının işindən danışıb. Azərbaycan və İsrail əlaqələrinin perspektivlərini müsbət dəyərləndirən ekspert deyib ki, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan ilə İsrail arasında iqtisadi, siyasi və hətta geosiyasi əlaqələrin mövcud olduğunu söyləyən A.Qut iki ölkə arasında hərbi-texniki tərəfdaşlığın da fəal inkişaf etdiyini deyib. O, Azərbaycan və İsraili bu əlaqələrdən daha çox, insani əlaqələrin bağladığını xüsusi vurğulayıb. A.Qut hesab edir ki, əlaqələrin inkişafı ilə İsraillə Azərbaycan yaxın dosta çevrilib.

O, həmçinin İsrailin Akko şəhərində İsrail hökumətinin hesabına Azərbaycan Evinin tikilməsi ideyasının yaranmasından və bu prosesdən bəhs edib.

Azərbaycanı güclü müstəqil dövlət, Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi qiymətləndirən A.Qut tolerantlıq və multikulturalizmin Azərbaycan cəmiyyətinin mühüm əsasları olduğunu qeyd edib. Ekspert çıxışında vurğulayıb ki, bir sıra xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi baxmayıb, bu ölkədə yəhudi xalqı heç vaxt təqiblərə və təhqirlərə məruz qalmayıb. O, həmçinin Azərbaycanda 7 sinaqoq və 2 yəhudi məktəbinin fəaliyyət göstərdiyini deyib.

Səkkiz ilə yaxın müddətdə Azərbaycanı İsraildə və dünyada tanıtmaqla məşğul olan A.Qut bu fəaliyyətlə bağlı antiazərbaycan qrupları tərəfindən təzyiqlərlə qarşılaşdığını söyləyib. Ekspert Xocalı və Qarabağda baş verən hadisələrlə əlaqədar təbliğat xarakterli məruzələrindən və digər fəaliyyətindən söz açıb. O, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında Azərbaycan Dövlət Televiziyasında 40 il rejissor və ssenarist işləmiş atası ilə bərabər yazdığı və Xocalı qətliamı ilə bağlı bədii sənədli romanın İsraildə çap olunmasının mühüm rol oynadığını bildirib və onun süjet xətti ilə iştirakçıları tanış edib.

Görüşün davamında qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.