ADU-da çinli alimlərlə görüş keçirilib
Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun Rusiya və Şərqi Avropa tarixi şöbəsinin müdiri professor Vanq Xiaojunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru professor Rafiq Abbasov Çinin “Bir kəmər – bir yol” qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar aparan Konfutsi İnstitutunun fəaliyyəti, Çin tarixinə dair seminarlar barədə məlumat verib.
Azərbaycanla bağlı təəssüratlarını bölüşən professor Vanq Xiaoju səfər çərçivəsində maraqlı elmi konfrans keçirildiyini və Konfutsi İnstitutu ilə elmi əməkdaşlığın inkişafına böyük maraq göstərildiyini vurğulayıb.
Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun Azərbaycan və Çin dilində hazırladığı, Prezident İlham Əliyevin iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitab hədiyyə edilib.