XƏBƏRLƏR

“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib

04 oktyabr, 2017

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət planının icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 14 iyul 2017-ci il tarixli 201 saylı əmrinə əsasən  Təhsil Nazirliyi sentyabrın 6-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start verib.

Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yeni tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçirilir (Müəllim istiqaməti üzrə elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs, təhsildə ən yaxşı internet resursları, beynəlxalq və regionlararası əməkdaşlıq üzrə ən yaradıcı təhsil layihəsi, məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası; tələbə istiqaməti üzrə isə elektron təhsil üzrə ən yaradıcı startap ideya).

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı www.musabiqe.edu.az saytından almaq mümkündür. “Elektron Təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı http://musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər.

Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir. Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər mükafatlar təqdim olunacaq.