ADU-da “Hindi dilinin 3 kateqoriyası” mövzusunda seminar olub
Sentyabrın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) Hindi dili və mədəniyyəti mərkəzinin “Hindistan olduğu kimi” layihəsi çərçivəsində filosof-psixoloq Ramil Əliyevin universitetin tələbə-müəllim heyətinə “Hindi dilinin 3 kateqoriyası” mövzusunda seminarı olub. R.Əliyev dilin yaranma prosesindən, mükəmməlliyindən danışıb, dil fəlsəfəsi barədə geniş məlumat verib. Sanskrit dilinin insan ruhunu ifadə etmək baxımından mükəmməl olduğunu deyən filosof-psixoloq insan şüuru tənəzzülünün onu çirkli formaya çevirdiyini də qeyd edib. O, həmçinin mükəmməl dilin heç zaman əlavələrə ehtiyacı olmadığını, dil tənəzzüllünün isə insan şüurunun tənəzzülə uğramasından başlandığını vurğulayıb. Sonda Hindistan mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub.