XƏBƏRLƏR

ADU-nun Konfutsi İnstitutu beynəlxalq festivalın qalibi olub

29 avqust, 2017

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycanda Çin milli mətbəxinin, Çində isə Azərbaycan milli mətbəxinin tanıdılması istiqamətində genişmiqyaslı fəaliyyətini davam etdirir. Zəngin Çin mətbəxi ənənələrinin təbliği ilə bağlı görülən işlər bu yay keçirilən iki mötəbər kulinariya tədbirində iştirak sayəsində daha da geniş vüsət alıb.

Belə ki, iyulun 15-də Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan qatılmış 500-dən çox iştirakçı sırasında olan ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları Çin milli mətbəxinin maraqlı nümunələrindən olan bambuk yarpaqlarına bükülmüş içliklə 3-cü yerə layiq görülüb. İndoneziya, Özbəkistan, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksika və başqa ölkələrdən gəlmiş qonaqların da iştirak etdiyi bu festival çərçivəsində qazanılan uğur avqustun 26-da Qəbələ şəhərində keçirilən V Beynəlxalq Mürəbbə Festivalında da təkrarlanıb. 22 ölkənin (Çin, Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustalarının öz məhsullarını nümayiş etdirdiyi bu festivalda Konfutsi İnstitutunun əməkdaşları Çin milli mətbəxinə məxsus limonlu bal, küncüt və araxis mürəbbə çeşidləri ilə 1-ci yerə layiq görülüb və qızıl medal qazanıblar.

Qeyd edək ki, ADU-nun nəzdində Konfutsi İnstitutunun kulinariya sahəsində fəaliyyəti təkcə festivallarda iştirakla məhdudlaşmır. Belə ki, Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə mövcuddur. Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov bildirib ki, müqavilənin əsas məqsədi hər iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpazların və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi, Azərbaycanda Çin milli mətbəxinin və Çində Azərbaycan milli mətbəxinin tanıdılması, kulinariya sahəsində ustad dərslərinin keçirilməsidir. Professor R.Abbasovun sözlərinə görə, Azərbaycan və Çinin milli kulinariya sənəti mədəni irsin vacib elementidir və xalqlarımızın çoxəsrlik ənənələrinə söykənir.