XƏBƏRLƏR

Çində Azərbaycanı layiqincə təmsil edən ADU tələbəsi

26 iyul, 2017

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimova hazırda Çinin Uxan Universitetində təhsilini davam etdirir. O, həmin şəhərdə keçirilən “Sakura” adlı Beynəlxalq Rəsm Sərgisi müsabiqəsində fərqləndirici sertifikata layiq görülüb.

Ənənəvi olaraq hər il Uxanda böyük təmtəraqla keçirilən festivalda müsabiqə iştirakçılarının yağlı və sulu boya ilə işlənmiş rəsm əsərləri, fotoşəkilləri nümayiş olunub. Müsabiqədə 60-dan çox ölkəni təmsil edən tələbələr iştirak edib.

Tələbəmiz A.Kərimova Uxan Universtitetində xarici tələbələr arasında keçirilən “Miss and Mister Uxan” yarışmasında vətənimizi “Uzundərə” rəqsi ilə təmsil edərək xanımlar arasında birinci yerə layiq görülüb. ADU tələbəsinin təqdim etdiyi Azərbaycan milli geyimi və rəqsi böyük maraqla qarşılanıb.

A.Kərimova Çinin Suizhou şəhərinin 1 №-li kollecinin 600-dən çox tələbəsi ilə görüş də keçirib. Görüş çərçivəsində “İlham Əliyev – qədim  xalqların dostluğunun müasir davamçısı” kitabının təqdimatı olub. Kitab Prezident İlham Əliyevin  2003-2017-ci illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətə həsr edilib. Çin tələbələri Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi və ölkəmizə gəlmə imkanları ilə bağlı müxtəlif suallar veriblər. Qeyd edək ki, mühazirə Çin və ingilis dilllərində keçirilib.

ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov bildirib ki, Azərbaycan Dillər Universitetinin tələbələri Çinin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil almaqla yanaşı, Böyük İpək Yolu üzərində yerləşən, dinamik inkişafda olan tolerant ölkə kimi Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq məqsədi ilə davamlı şəkildə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edərək ictimai fəallıq göstərirlər.