XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdulla KİV təmsilçiləri ilə görüşüb

21 iyul, 2017

İyulun 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla 22 iyul – Milli Mətbuat günü ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

Jurnalistikanın cəmiyyətin güzgüsü olduğunu deyən K.Abdulla bu sahənin ölkəmizin inkişafı üçün əhəmiyyətindən söz açıb. Rektor Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli binada jurnalistlərə mənzillərin verilməsini dövlət tərəfindən jurnalistlərə göstərilən diqqətin təzahürü kimi qiymətləndirib.

Universitet barədə danışan K.Abdulla ADU-da Filologiya və jurnalistika fakültəsinin olduğunu bildirib. Rektor deyib ki, universitet öz spesifikası və potensialından istifadə edərək beynəlxalq jurnalistika istiqamətində fəaliyyətini genişləndirmək istəyir: “Bu gün ölkəmizdə saytların və jurnalistlərin əksəriyyəti Azərbaycandillidir. Çox az jurnalist  ingilis və rus dilli təmayüllüdür. Bu balansı düzəltmək üçün kifayət qədər güclü potensialımız var. Biz jurnalistika fakültəsi olan digər universitetlərdən fərqli olaraq tələbələrimizə bu istiqamətdə təhsil bazası verə bilərik və onların gələcəkdə peşəkar kadr kimi yetişməsinə nail ola bilərik”.

K.Abdulla bildirib ki, jurnalistika ixtisası üzrə kadrların yetişməsi üçün redaksiyalarda tələbələrlə görüşlər keçirilməldir:“Bu, qəzet və jurnalların, saytların da redaksiyalarında ola bilər. Tələbələrin əlaqə qurmaq və təcrübələrini artırmaq üçün yerləri olmalıdır. Biz bunun üçün bəzi peşəkar redaksiyalarla müqavilə imzalaya bilərik. Jurnalistika istiqamətində çalışan insanlarla universitetin tələbələri sıx işləməlidir”.

K.Abdulla KİV təmsilçilərinə universitetdə fəaliyyət göstərən müxtəlif mərkəzlər haqqında da danışıb. O bildirib ki, ADU-ya gələn xarici ölkə səfirlərinə onların ölkələrində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması barədə təkliflər verilir. Bu mərkəzlərin əhəmiyyətindən danışan akademik görüləcək işlərin Azərbaycan dili, tarixi və mədəniyyətinin təbiliği baxımından mühüm rol oynayacağını xüsusi vurğulayıb.

Tədbirdə iştirak edən KİV təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin jurnalistlərə xüsusi diqqət və qayğısından söz açaraq, Milli Mətbuat günü öncəsi jurnalistlərə mənzil hədiyyə edilməsini bunun parlaq təzahürü kimi qiymətləndirdiklərini bildiriblər. Qeyd edilib ki, bir sıra sahələrdə müxtəlif ölkələrə örnək olan Azərbaycan jurnalistlərə diqqət və qayğı məsələsində də fərqlənib, dövlətimiz media əməkdaşlarının mənzil problemini həll etməklə xüsusi nümunə göstərib. Prezident İlham Əliyevin “Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikrinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən jurnalistlər medianın gücünün, mövqeyinin qorunması, daha da güclənməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəklərini bildiriblər.

Görüş jurnalistlərin mükafatlandırılması ilə başa çatıb.