ADU-nun Avropadakı Konfutsi institutları ilə əlaqələri genişlənir
21 iyul, 2017
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun könüllüsü Diana Hüseynzadə ilə Venesiya şəhərində yerləşən, İtaliyanın qədim elmi-tədris mərkəzlərindən biri olan Ka’Foskari Universitetinin nəzdindəki Konfutsi İnstitutunun (Kİ) direktoru Li Şuqinq arasında görüş keçirilib.
D.Hüseynzadə Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, ADU-nun Konfutsi İnstitutunun tədris və ictimai təbliğatı barədə ətraflı məlumat verib.
Li Şuqinqə ADU-nun Çin dili və mədəniyyəti mərkəzi tərəfindən Çin dilində hazırlanan, Prezident İlham Əliyevin iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.
ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, Avropa və Çin arasında ilk əlaqələrin qurulmasında iştirak etmiş əfsanəvi səyyah Marko Polonun vətəni olan Venesiyanın Ka’Foskari Universitetinin Asiya və Afrika Aralıq dənizi araşdırmalar fakültəsinin nəzdindəki Konfutsi İnstitutu ilə əməkdaşlıq İtaliya mütəxəssislərinin iştirakı ilə Çinin “Bir kəmər, bir yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların həyata keçirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.