Çinli şagirdlər ADU-da olmaqdan məmnundurlar
“Dillər Universitetində tələbə və müəllimlərlə ünsiyyət qurmaq çox maraqlıdır”
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan-Çin linqvokulturoloji düşərgəsinin iştirakçıları ölkəmizdə olmaqdan məmnundurlar. ADU-da Yay məktəbinin iştirakçısı olan çinli şagirdlər universitetin Çin dili üzrə təhsil alan tələbələrinə Çin dilini tədris etməklə yanaşı, ölkələrinin tarix və mədəniyyətini, kulinariyasını da təbliğ edirlər.
ADU-da olmaqdan xeyli məmnun olduğunu bildirən Yay məktəbinin iştirakçısı Ye Zipeng tələbələrlə ünsiyyət qurmağın onun üçün maraqlı olduğunu deyib:
“Dillər Universitetində tələbə və müəllimlərlə həm Çin, həm də Azərbaycan dilində ünsiyyət qurmaq mənə çox maraqlıdır, eyni zamanda tələbələrə Çin mədəniyyətini təbliğ etmək də çox gözəl təsir bağışlayır.”
Çin dilini tədris edən müəllim Ji Hua isə Çin dilini daha səmərəli şəkildə öyrənmək baxımdan ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun əhəmiyyətini vurğulayıb:
“ADU-da təhsil alan tələbələr Çin dilini, mədəniyyətini və tarixini bizim vasitəmizlə əyani surətdə öyrənmək imkanı əldə ediblər. Mən onlara Çin tarixini öyrətməkdən məmnunam, çünki tariximizi bilmək hamımızın borcudur. Tarixi məkanlara xüsusi marağım olduğu üçün öncə Azərbaycanın tarixi məkanlarını gəzmək istəyirəm”.
“Tələbələrə Çin oyunları, musiqi sənəti və rəssamları haqqında məlumat vermək mənim üçün maraqlıdır. Çin musiqisinin nümunələrini tələbələrlə birgə ifa etməyi daha çox sevirəm”. Bunu isə Li Yufe bildirib. O, ADU-da yeni dostlar qazandığı üçün şad olduğunu deyib.
ADU mühitinin hələ uzun müddət xatirələrində iz qoyacağını bildirən çinli şagirdlər Azərbaycan mətbəxinin təamlarını dadmaq fürsəti əldə etdiklərini, Qız qalası, İçərişəhər və digər tarixi abidələri ziyarət etməklə Çin və Azərbaycan arasında oxşar və fərqli cəhətləri tapmağa çalışdıqlarını sözlərinə əlavə ediblər.
ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Yay düşərgəsinin ADU-da ənənəvi olaraq təşkil olunduğunu bildirib. O, Azərbaycan və Çin arasında qədim zamanlardan bu yana Böyük İpək yolu vasitəsilə tarixi və mədəni əlaqələrin mövcud olduğunu qeyd edib:
“Yay məktəbi təkcə tələbələrə Çin dilini öyrətmək deyil, həm də çinli şagirdlərin ADU-da yeni dostlar qazanıb Azərbaycanı daha yaxından tanımaları məqsədini daşıyır. Onlar ölkəmizin tolerant və multikultural dəyərlərə sahib olduğunun şahidi olurlar və öz ölkələrinə qayıdanda Azərbaycanı bu yöndə təbliğ edəcəklər”.