ADU-da Azərbaycan-Çin yay düşərgəsi fəaliyyət göstərir
17 iyul, 2017
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin müxtəlif bölgələrindən olan həmyaşıdları ilə ünsiyyətdə olmaq və Çin dili biliklərini yaxşılaşdırmaq istəyən yeniyetmələr üçün Azərbaycan-Çin linqvokulturoloji düşərgəsi fəaliyyət göstərir. Düşərgə Çin dili və xəttatlığının öyrənilməsi, Çin mədəniyyəti, incəsənəti və adət-ənənələri ilə tanışlığa xidmət etməklə yanaşı, yeniyetmələrə müxtəlif tədbir və müsabiqələrdə özünü sınamaq, yeni dostlar qazanmaq imkanı da verir.
Düşərgə iştirakçıları üçün məşğuliyyət Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyaları, eləcə də mədəni-əyləncəli tədbirləri, musiqili özfəaliyyət çıxışlarını əhatə edir. Azərbaycan və Çin yeniyetmələri Çin rəssamlığı, kağız kəsmə sənəti, çay mərasimlərinin keçirilməsi üzrə dərslərdə fəal iştirak edir, ənənəvi Çin oyunu olan madzyan oyununda bir-biri ilə yarışırlar.
Qeyd edək ki, ADU-nun rektoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdulla düşərgə iştirakçıları ilə görüşüb. Görüş zamanı K.Abdulla yeniyetmələrə uğurlar arzulayıb və yeni çinli dostlarımızın öz həmyaşıdlarına qədim zamanlardan bəri Çin ilə Böyük İpək Yolu vasitəsilə sıx bağlı olan Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında məlumat verəcəklərinə ümidlərini ifadə edib.
Görüş zamanı ADU-nun nəzdində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycanın Çin və Avropa arasındakı mühüm tranzit rolu və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası hökuməti və Çin Xalq Respublikası hökuməti arasında “İpək Yolunun iqtisadi qurşağı”nın yaradılmasının birgə təşviqi üzrə qarşılıqlı anlaşma haqqında Memorandum”un əhəmiyyətini vurğulayıb.
Düşərgənin fəaliyyəti çərçivəsində “Dəniz günü”nə həsr olunmuş “Azərbaycan və XXI əsrin Dəniz İpək Yolu” adlı tədbir də keçirilib. Qeyd edək ki, bu bayram Çinin görkəmli səyyahı və diplomatı Çjen Xenin böyük dəniz hərbi-ticarət ekspedisiyalarının şərəfinə təsis edilib.
Düşərgə müəllimləri Xaçmazda keçirilən Beynəlxalq Dolma Festivalında da iştirak edib, burada Çinin düyü və bambuk yarpaqlarından hazırlanan milli yeməyi olan “tsunzi”ni və çay mərasimi sənətini nümayiş etdiriblər.
Düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.