ADU-nun rektoru Kamal Abdulla Paris-Sorbon Universitetinin təmsilçisi ilə görüşüb
İyulun 5-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Paris-Sorbon Universiteti prezidentinin Biznesin inkişafı üzrə müşaviri İmran Muxtarovla görüşüb.
Öncə qonaq təmsil etdiyi universitet və həyata keçirdikləri layihələr barədə məlumat verib. O, Azərbaycanda gördükləri işlərdən də söz açaraq, ölkəmizdəki bir çox universitetlərlə əməkdaşlıq etdiklərini deyib. İ.Muxtarov “Universitet sistemində interaktiv tədris” layihəsi barədə danışıb və ADU-ya bu layihə çərçivəsində əməkdaşlıq təklif edib. O, ADU müəllimlərinə fransız və ingilis dillərində təlimlər keçməyin mümkün olduğunu vurğulayıb.
Rektor K.Abdulla təklif olunan layihənin maraqlı olduğunu vurğulayaraq, ADU-nun daha çox dil üzrə ixtisasartırmaya maraq göstərdiyini söyləyib. O, universitetdə keçiriləcək təlimlərə dəvət olunan alimlərlə ADU arasında özəl münasibətlər yaranmasının tərəfdarı olduğunu qeyd edib: “Biz istəyirik ki, onları vaxtaşırı ölkəmizə dəvət edə bilək və Azərbaycanın dostlarına çevirək”.