XƏBƏRLƏR

ADU-nun tələbələri V Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsində uğur qazanıb

30 iyun, 2017

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasının III kurs tələbəsi İlkin İsmayılov və II kurs tələbəsi Ziba Sadıqlı Gürcüstanın Tbilisi Azad Universitetində keçirilən GUAM ölkələrinin V Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsində iştirak edib. ADU-nun Yaponiya Araşdırmalar Mərkəzinin rəhbəri Yaşar İbrahimovun da münsif kimi iştirak etdiyi müsabiqəyə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistandan 18 nəfər tələbə qatılıb.

Beynəlxalq Yapon Fondu tərəfindən dəstəklənən və hər il keçirilən yarışmada İlkin İsmayılov III yerə, Ziba Sadıqlı isə V yerə layiq görülüb.

Tədbirin sonunda GUAM ölkələrinin VI Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsinin Ukraynada keçirilməsi qərara alınıb.