XƏBƏRLƏR

“Azərbaycan multikulturalizmi”: ali məktəblər üçün dərslik

24 iyun, 2017

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyət göstərdiyi 3 il ərzində ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu hədəflərə müvafiq olaraq, çoxsaylı regional və beynəlxalq layihələrə imza atıb. Bu layihələrə hazırda 20 xarici ölkə universitetində, ölkəmizin isə 40 ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, bu fənni mənimsəyərək Azərbaycanın dostuna çevrilən onlarla xarici ölkəni təmsil edən yüzlərlə gəncin platforması olan “Azərbaycanın Gənc Dostları Klubu”, Yay və Qış Multikulturalizm Məktəbləri, Rusiya, Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Bolqarıstanda BBMM-in filiallarının açılması da daxildir.

Mərkəzin Rusiya, Türkiyə, Almaniya, İndoneziya, Portuqaliya, Bolqarıstan, İtaliya, Belarus, Litva, Gürcüstan, Ukrayna, Çexiya və başqa ölkələrin nüfuzlu universitetlərində və ölkəmizdəki ali təhsil ocaqlarında tədris fəaliyyətini elmi ədəbiyyatla təchiz etmək üçün 2016-cı ildə Azərbaycan, rus və ingilis dillərində ilkin olaraq Azərbaycan multikulturalizminin qaynaqları seriyasından “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı nəşr olundu. Tədris edilən “Azərbaycan multikulturalizmi” fənninin dərin elmi və tədris vəsaitləri ilə zəngin bazasını formalaşdırmaq işini davam etdirən BBMM-in növbəti fundamental nəşri bu fənnin ilk dərsliyi oldu. BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu bu dərslik  Azərbaycan Dillər Universitetinin Elmi Şurasının tövsiyəsi ilə nəşr olunub. Azərbaycanın brendi olan multikulturalizm modelini akademik şəkildə dünyaya təqdim etmək kimi ali missiyası olan belə bir dərsliyin ilk dəfə nəşri böyük əlamətdar hadisədir.

Belə ki, qırx dörd yerli və əcnəbi müəllifin səkkiz fəsildə hazırladıqları dərslik təkcə Azərbaycan multikulturalizminin ayrı-ayrı istiqamətlərini, dərin tarixi, mədəni, fəlsəfi, sosial qaynaqlarını, ölkəmizin multikultural təhlükəsizlik konsepsiyasını, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin formalaşmasına verdiyi əvəzsiz töhfələrin fərqli aspektlərdən təqdimatını deyil, həm də dünyada mövcud olan mütərəqqi multikulturalizm modellərini müqayisəli əsasda tələbələrə təqdim edir. Dərsliyin elmi redaktoru akademik Kamal Abdullanın qeyd etdiyi kimi bu dərslik “Portuqaliyadan İndoneziyayədək” müxtəlif ölkələrdə tədris olunan Azərbaycan multikulturalizmi fənni üçün əvəzedilməz mənbədir. Bu məqsədlə dərsliyin ən yaxın zamanda Azərbaycan multikulturalizmi öyrənilən ölkələrin dillərinə tərcümə edilməsi hazırda bu konseptual layihənin qarşısında duran əsas məqsədlərdən biridir. Dərsliyin müxtəlif dillərə tərcüməsi “Azərbaycan multikulturalizmi” fənninin arealının genişlənməsini daha da sürətləndirəcək.  Öz ilkinliyi, şəkilli tərtibatı, zəngin ədəbiyyat göstəriciləri ilə seçilən “Azərbaycan multikulturalizmi” dərsliyi Azərbaycanın dövlət siyasətinin vacib bir istiqamətinin və ölkəmizin multikultural ab-havasının həm  ölkə daxilində, həm də ölkə xaricində  təbliği və təşviqi istiqamətində öz töhfələrini verəcək.