ADU-da CLS (Önəmli dil təqaüdü) Proqramının açılış mərasimi olub
08 iyun, 2017
İyunun 8-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan CLS (Önəmli dil təqaüdü) Proqramının açılış mərasimi keçirilib. Açılış mərasimində ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova, ABŞ-ın ölkəmizdəki səfirliyinin Mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşıp, eyni zamanda tələbələrə Azərbaycan dilini tədris edəcək müəllimlər iştirak edib.
Öncə amerikalı tələbələri universitetdə görməkdən məmnun olduğunu deyən dosent J.Qəribova onların 8 həftə ərzində Azərbaycan xalqının mədəniyyəti, tarixi ilə daha yaxından tanış olacaqlarını, Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarət edəcəklərini söyləyib. Adıçəkilən proqram çərçivəsində 8 amerikalı tələbənin 8 həftə müddətində Azərbaycan dili və mədəniyyətini öyrənmələrinin nəzərdə tutulduğunu bildirən J.Qəribova proqramın icrasında göstərdikləri dəstəyə görə ABŞ-ın ölkəmizdəki səfirliyi və ABŞ konsulluğunun əməkdaşlarına təşəkkürünü bildirib.
Daha sonra Kamal Abdulla amerikalı tələbələri salamlayıb və onları ADU-da görməkdən məmnun olduğunu deyib. O, 2003-cü ildə ABŞ-ın Kolumbiya Universitetində “Avrasiyaçılıq və onun tarixi perspektivləri” adlı mühazirə ilə çıxış etdiyini və ABŞ-ın tarixi, mədəniyyəti haqqında gözəl təəssüratlarının yarandığını sözlərinə əlavə edib. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan olunduğunu qeyd edən K.Abdulla Azərbaycanın multikultural dəyərləri və mühitinin onun inkişafında önəmli aspekt olduğunu sözlərinə əlavə edib. O, amerikalı tələbələrin Şərqlə Qərbin mənəvi birləşməsinin şahidi ola biləcəklərini vurğulayıb və onların Azərbaycan dilinə yiyələnməklə ölkəmizin multikultural dəyərlərini, tarixini, psixologiyasını daha yaxından öyrənəcəklərini deyib. Amerikalı alim Noel Çomskinin məşhur “Dil yalnız strukturdan ibarət deyil” sözlərini xatırladan K.Abdulla dil vasitəsilə xalqın keçmişi və psixologiyasına da nüfuz etmənin mümkünlüyünü qeyd edib.
ABŞ səfirliyinin əməkdaşı Emi Pitersen tələbələrin universitetdə Azərbaycan dilinə yiyələnmələri üçün hər cür şəraitin yaradıldığını deyib. Müxtəlifliyi anlamağın məhz dil vasitəsilə mümkün olduğunu söyləyən E. Pitersen tələbələrə uğurlar arzulayıb.
Sonda K.Abdulla tələbələrə proqram çərçivəsində universitetdə olduqları müddət ərzində dəstək veriləcəyini, onların dilimizə yiyələnmələri üçün hər cür şəraitin yaradılacağını söyləyib və onlara uğurlar arzulayıb.