XƏBƏRLƏR

Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10 illiyi qeyd edilib

05 iyun, 2017
Mayın 2-də Azərbaycan Dillər Universitetində (ADU) yaradılmış Bakı Amerika Mərkəzinin (BAM) fəaliyyətinin 10 illiyi qeyd edilib. Tədbir ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunub. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı Amerika Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib. Diplomat qeyd edib ki, Amerika Mərkəzinin missiyası Azərbaycan ictimaiyyətini ABŞ, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı, xarici və daxili siyasəti barədə maarifləndirmək və ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirməkdir. Bu mərkəz ABŞ-ın təhsil sistemi haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımından həyata keçirilən ən səmərəli layihələrdəndir. BAM şagirdləri, tələbələri, ABŞ-da təhsil almış məzunları, təhsil işçilərini, ingilis dilli müəllimləri və mədəniyyət sahəsində çalışanları bir araya gətirir. Fəaliyyətinə yalnız bir kitabxana otağı ilə başlamış mərkəzdə bu gün təlim otaqları, uşaq guşəsi, “Maker Space” - Yaradıcılıq Məkanı fəaliyyət göstərir. Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə 2007-ci ildə ADU-da açılmış Bakı Amerika Mərkəzi uğurla fəaliyyət göstərir. Yaradıcılığa əsaslanan, innovasiyaların mənbəyi olan BAM respublikamızda təhsilin inkişafında, dünya standartlarının tətbiqi prosesində fəal iştirak edir. Mərkəzdə proqram və layihələr vasitəsilə geniş maarifləndirmə işləri aparılır, yerli və xarici universitetlərlə əməkdaşlıq çərçivəsində unikal innovasiya mədəniyyəti inkişaf etdirilir, təhsilin keyfiyyəti təkmilləşdirilir. Tədbirdə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri və hazırda Vaşinqton DC-də beynəlxalq informasiya proqramları əlaqələndiricisinin müavini vəzifəsini icra edən Conatan Henikin videomüraciəti təqdim olunub. ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Tədbir musiqi proqramı ilə davam etdirilib.