XƏBƏRLƏR

ADU-nun tələbələri Türkiyə səfirliyində olublar

02 iyun, 2017
Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan tələbələri, fakültə dekanı Vüsalə Ağabəyli və “PR texnologiyası və jurnalistika” fənnini tədris edən Nərgiz Cavadzadə Türkiyənin Azərbaycandakı səfirliyində olublar. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Filologiya 1-ci kurs tələbələri ilə görüşüb. Əvvəlcə mətbuat müşaviri Hamit Karadəniz tələbələri səfirliklə tanış edib, basın müşavirliyinin iş prinsipi barədə danışıb. Tələbələrə öz tövsiyəsini verən Hamit Karadəniz Azərbaycan mediası ilə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Daha sonra mətbuat konfransı otağında tələbələri səfir Erkan Özoral qəbul edib. Diplomat Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu qeyd edib. IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti barədə danışan səfir İslamiadanın bağlanış mərasimində iki ölkə bayrağının birgə dalğalanmasının qardaşlığın bariz nümunəsi olduğunu söyləyib. Erkan Özoral Türkiyə səfirliyinin Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığa hazır olduğunu qeyd edib. Diplomat erməni təxribatlarına qarşı Türkiyə və Azərbaycan mediasının birgə mübarizə aparmalı olduğunu vurğulayıb. Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli tələbələrə zaman ayırıb onların  suallarını cavablandırdıqları üçün Erkan Özorala və  Hamit Karadənizə minnətdarlığını bildirib. Vüsalə Ağabəylinin ADU-nun jurnalistika ixtisasında təhsil alan tələbələrinin gələcəkdə Türkiyə universitetləri ilə qarşılıqlı təcrübə proqramlarında iştirak etməsi təklifinə  Erkan Özoral çox müsbət yanaşıb və növbəti tədris ilində müraciətlər əsasında bu cür görüşlərin təşkilində yaxından köməklik göstərəcəyini bildirib. Nərgiz Cavadzadə baş tutan görüşün tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Öz növbəsində, səfir Erkan Özoral tələbələrlə görüşdən məmnun olduğunu bildirib. Görüş diskussiya şəklində davam edib və beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alan 140-cı qrupun tələbələrinin çoxsaylı sualları ilə başa çatıb.