XƏBƏRLƏR

Dövlət imtahanı ilə bağlı məlumat

29 may, 2017
   

Son günlər bəzi kütləvi informasiya vasitələrində, xüsusən də sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetində görülən işlərə kölgə salmaq məqsədi güdən böhtan xarakterli məlumatlar yayılmaqdadır. Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”lərinin əsassız olduğu tam aydın olsa da, bəzi məsələləri yenidən xatırlatmağı zəruri hesab edirik.

Qeyd edək ki, ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən “Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır”.

Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, “Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”.

Qaydaların 2.16-cı bəndinə görə “Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.

Onu da qeyd etmək lazımdır ki, Bolonya prosesinə qoşulmuş bütün ölkələrin ali təhsil müəssisələrində tələbələrin yekun buraxılış dövlət attestasiyası nəzərdə tutulur.

Sonda onu da bildiririk ki, Azərbaycan Dillər Universitetində keçiriləcək yekun buraxılış dövlət attestasiyası ilə bağlı bütün prosedurlar qanunvericiliyin tələblərinə, mövcud normativ-hüquqi sənədlərə tam uyğundur və müvafiq mövzu və suallar ötən ilin sonundan universitetin  rəsmi internet saytında yerləşdirilib.