XƏBƏRLƏR

BDU-nun dosenti ADU-da mühazirə oxuyub

25 may, 2017
Mayın 25-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Günel Heydərovanın təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev ADU tələbələri ilə görüşüb. İnteraktiv formada keçən görüşdə V.Əliyev ADU-nun Filologiya və jurnalistika fakültəsinin 140-cı qrupunda təhsil alan tələbələrə “Onlayn jurnalistika media sistemində” mövzusunda mühazirə oxuyub. O, kütləvi informasiya vasitələri və kütləvi kommunikasiya sahələri haqqında məlumat verib, dünyada və Azərbaycanda internetin yaranma tarixi, ilk internet qəzetlər və xəbər saytları, onlayn və ənənəvi jurnalistikanın oxşar və fərqli cəhətləri, eyni zamanda onlayn media alətləri barədə fikirlərini tələbələrlə bölüşüb. Sonda çıxış edən Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli qonağa ADU tələbələri ilə görüşməsi ilə bağlı təşəkkürünü bildirib. O, tələbələrin maariflənməsinə xidmət edən belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırıb. Görüş tələbələri maraqlandıran suaların cavablandırılması ilə yekunlaşıb. Qeyd edək ki, gorüşdə hər iki ali təhsil müəssisəsinin eyni jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinin qarşılıqlı əlaqələrinin təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.