XƏBƏRLƏR

“Pis vərdişlərdən uzaq olaq!”

25 may, 2017
Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının baş müəllimi Dinara Muxtarovanın təşkilatçılığı və Təhsil fakültəsinin 307a, 307b qrup tələbələrinin yaxından iştirakı ilə Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə “Pis vərdişlərdən uzaq olaq!” adlı tədbir keçirilib. Tədbir “Sosial davranış və cəmiyyət” fənnində tədris olunan “Sağlamlıq və cəmiyyət” (Health and society) mövzusuna əsasən hazırlanıb. Azyaşlı və yeniyetmələr arasında zərərli vərdişlərdən çəkinməyi aşılamaq, bu mövzularda maarifləndirici tədbirlərin davamlı keçirilməsini təbliğ etmək məqsədilə baş tutan tədbir zamanı pis vərdişlərin insan sağlamlığına və psixologiyasına göstərdiyi  mənfi təsirlər şagirdlərin diqqətinə çatdırılıb. 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənovanın dəstəyi ilə məktəbin rus bölməsinin 8-ci və 9-cu sinif şagirdlərinin iştirak etdiyi tədbirdə tələbələr mövzu ilə bağlı çıxışlar edib, səhnəciklər və təqdimatlar nümayiş olunub. Tədbirdə, eyni zamanda siqaretin zərərləri ilə bağlı ibrətamiz videoçarx təqdim olunub. Qeyd edək ki, tədbirdə Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva da iştirak edib.