“Azərbaycan Dillər Universitetinin ikili diplom müqavilələri” adlı təqdimat keçirilib
22 may, 2017
Mayın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi “Azərbaycan Dillər Universitetinin ikili diplom müqavilələri” adı altında II kurs tələbələri üçün təqdimat keçirib.
Mərkəzin direktoru Fatma Qurbanzadə universitetin beynəlxalq aləmdəki nüfuzundan danışaraq, universitet tarixində imzalanmış müqavilələrdən söz açıb.
Mərkəzin əməkdaşları Aygün Rüstəmzadə və Mədinə Məmmədova Böyük Britaniyanın Esseks və Fransanın Strasburq Universiteti ilə bağlanmış müqavilələrdən danışaraq qeyd ediblər ki, ADU Böyük Britaniyanın Esseks Universiteti ilə 2010-cu ildən etibarən ikili diplom (2+2) layihəsi üzrə əməkdaşlıq edir. Bu layihə Azərbaycanın təhsil sistemində bakalavr pilləsi üzrə ilk ikili diplom layihəsidir. Layihənin rəhbəri hal-hazırda ADU-nun rektoru vəzifəsini icra edən Əfqan Abdullayev olub. Razılaşmaya əsasən, ADU-nun İngilis dili müəllimliyi ixtisası üzrə tədris planının ilk iki ili, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbləri nəzərə alınmaqla, Esseks Universitetinin müvafiq tədris planı ilə uyğunlaşdırılıb. ADU-nun Təhsil fakültəsinin tələbələri ikinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra, müəyyən edilmiş qəbul şərtlərini yerinə yetirməklə Esseks Universitetinə birbaşa daxil ola bilərlər. Esseks Universitetinə daxil olan tələbələr hər iki universitetdən bakalavr dərəcəsi alırlar. Azərbaycan Dillər Universiteti ilə Fransanın Strasburq Universiteti arasında tərcümə üzrə magistr proqramının Delokalizasiyası razılaşması isə 2013-cü ildə imzalanıb. Razılaşmaya əsasən, ADU-nun Sinxron və Sahələr üzrə Tərcümə tədris planının ilk ili Strasburq Universitetinin müvafiq tədris planı ilə uyğunlaşdırılıb, ikinci ili isə tələbələr Strasburq Universitetində təhsil alırlar. Bu proqramı başa vuran tələbələr Strasburq Universitetinin diplomunu və ADU-nun magistr dərəcəsini əldə edirlər. Azərbaycan Dillər Universiteti Böyük Britaniyanın Koventri Universiteti ilə 2016-cı ildən etibarən ikili diplom (3+1) layihəsi çərçivəsində əməkdaşlıq danışıqları aparır. Bu layihə Azərbaycanın təhsil sistemində bakalavr pilləsi üzrə ikili diplom layihələrindən biridir. Müqaviləyə əsasən ADU-nun İngilis dili müəllimliyi və İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alan tələbələr tədris planının son bir ilini, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Dillər Universiteti və Koventri Universitetinin birgə işləyib hazırladığı müvafiq tədris planı ilə təhsil alırlar. Müvafiq ixtisaslar üzrə Azərbaycan Dillər Universitetinin Təhsil və Filologiya və Jurnalistika fakültəsinin tələbələri üçüncü kursu müvəffəqiyyətlə başa vurduqdan sonra, müəyyən edilmiş qəbul şərtlərini yerinə yetirməklə Koventri Universiteti tərkibində bir il təhsil alırlar. Tədris planını başa vurduqdan sonra tələbələr hər iki universitetdən bakalavr dərəcəsi alırlar.
Təqdimatın sonunda Biliyin qiymətləndirilməsi və montiorinqi mərkəzinin əməkdaşları tələbələrin suallarını cavablandırıblar.