ADU-da ilk psixoloji yardım üzrə metodiki təlim keçirilib
19 may, 2017
Mayın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ilk psixoloji yardım üzrə metodiki təlimi keçirilib.
Cəmiyyətin çoxşaxəli fəaliyyətləri içərisində təhsil ocaqlarında təhsil alan yeniyetmə və gəncləri səhiyyə üzrə maarifləndirmək, ilkin tibbi yardım vərdişlərinə yiyələnmək, tələbə gənclərlə sıx əlaqədə olmaq məqsədi ilə keçirilən tədbirdə universitetin Təhsil fakültəsinin tələbələri iştirak edib.
Təlimdə psixososial dəstək üzrə mütəxəssis, psixoloq İsmayıl Atayev “Stress. Depressiya. İntihar” mövzusunda mühazirə ilə çıxış edib. Psixoloq stressin canlılara təsiri, stressə fizioloji və mədəni reaksiyaların göstərilməsi, münasibətlərdə gərginlik və onun təhlili, stress zamanı orqanizmdə baş verən hallar və bədənin stressə reaksiyası ilə bağlı ətraflı məlumat verib. İnteraktiv şəkildə keçən təlimdə İ.Atayev, həmçinin nevrozluq, intiharların səbəbi, şizofreniya və digər psixoloji faktorlar haqqında danışıb.