XƏBƏRLƏR

ADU-da “Tərcüməçi necə olmalı?” mövzusunda mühazirə keçirilib

17 may, 2017
Mayın 16-da Azərbaycan Dillər Universitetində İspan və Koreya dillərinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə “Tərcüməçi necə olmalı?” mövzusunda mühazirə keçirilib. Koreya dili üzrə təhsil alan tələbələr nəzərdə tutulan mühazirəni Koreyanın Azərbaycanda fəaliyyət göstərən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA-Korea International Cooperation Agency) proqram koordinatoru və müxtəlif Koreya şirkətlərində tərcüməçi kimi fəaliyyət göstərmiş Fidan Ağacanova aparıb. Tərcüməçiliyin məsuliyyətli peşə olduğunu söyləyən F.Ağacanova dil bacarığından əlavə tərcüməçinin müxtəlif sahələr haqqında məlumatlı, punktual və gördüyü hər bir işə qarşı məsuliyyətli yanaşmasının vacibliyini qeyd edib. O, həmçinin tərcümə zamanı yaranan fors-major halları aradan qaldıra bilmək üçün tərcüməçinin hər iki ölkənin dili ilə yanaşı, mədəniyyətinə də yaxından bələd olmasının zəruriliyindən söz açıb. Mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.