XƏBƏRLƏR

ADU-da Azərbaycan və Çinin gender siyasəti üzrə seminar keçirilib

17 may, 2017
Mayın 17-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş “Çin ailəsi: ənənədən müasirliyə” mövzusunda seminar keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin ailəsinin ənənəvi modelləri və onun xüsusiyyətlərindən danışıb. O, xüsusilə Çində keçirilən sosial – iqtisadi islahatlarla əlaqədar olaraq Çin ailəsinin tərkibi və strukturundakı dəyişikliklər üzərində dayanıb. Konfutsi İnstitutunun əməkdaşları qədim Çində ailə münasibətlərinin xüsusiyyətləri, toy ənənələrinin tarixi və Çin uşaqlarının tərbiyəsi, həmçinin Konfutsi fəlsəfəsinin Çin ailəsinə təsiri barədə danışıblar. Seminarda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti, ADU-nun Regionşünaslıq kafedrasının dosenti Kifayət Ağayeva və adıçəkilən kafedranın müəllimi Fidan Ələsgərova Azərbaycan və Çində gender münasibətlərinin xüsusiyyətləri barədə məlumat veriblər. Sonda müasir Çin ailəsinə həsr olunmuş “Böyük ailə” bədii filmi nümayiş olunub. Qeyd edək ki, seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Azər İsalı da iştirak edib.