Kubanın səfiri ADU-da olub
16 may, 2017
Mayın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin İspan dili kafedrasının təşkilatçılığı ilə Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə adıçəkilən kafedranın əməkdaşları və Tərcümə fakültəsində ispan dili ixtisası üzrə təhsil alan tələbələrin görüşü keçirilib.
Qonağı salamlayan ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında məlumat verib. Erasmus Mundus proqramı çərçivəsində universitetin tələbə və müəllimlərinin İspaniyada təhsillərini davam etdirməsindən söz açan dosent Jalə Qəribova həmin əməkdaşlığa əsasən ispan müəllimlərinin də ADU-da təşkil etdiyi seminarlardan danışıb. Həmin kafedranın müdiri Aynur Quliyeva isə kafedra və ispan dilinin tədrisi barədə səfirə məlumat verib.
ADU-da ilk dəfə olduğunu qeyd edən səfir məmnunluğunu dilə gətirib, tədris sahəsində ikitərəfli əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə inandığını ifadə edib.
Kubanın multikultural dövlət olduğunu qeyd edən səfir, tələbələrə ölkəsinin tarixi, coğrafi mövqeyi, idman sahəsindəki uğurları, musiqi və mədəniyyəti barədə geniş məlumat verib, iki xalq arasındakı oxşar və fərqli cəhətlərdən bəhs edib. Universitetdə keçirilən tədrisi yüksək qiymətləndirən səfir Alfredo Nieves Portuondo sonda tələbələri maraqlandıran sualları cavablandırıb.